Nagehan Alçı Azərbaycandan və Sinan Oğandan nə istəyir? - ŞƏRH + FOTO


Türkiyəli jurnalist, 2009-cu ildə Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən və bununla əlaqədar Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Nagehan Alçı Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən Sinan Oğanı ittiham edib.

O öz “Twitter” hesabında yazdığı statusda Sinan Oğanın etnik kimliyini mübahisələndirib.

Jurnalist bununla da kifayətlənməyərək Azərbaycan Prezidentinin ünvanına həqiqətə uyğun olmayan fikirlər yazıb.

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan isə özünün “Twitter” hesabında Nagehan Alçının böhtanlarına tutarlı cavab verib. S.Oğan Nagehan Alçının Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaq məqsədilə bu cür fikirlər səsləndirdiyini istisna etməyib.

Yaranmış mübahisə haqqında Oxu.Az-a danışan politoloq Fikrət Sadıxov da düşünür ki, jurnalistin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən fikirləri seçkiqabağı kampaniyanın tərkib hissəsidir. Politoloqun sözlərinə görə, Nagehan Alçı müxalif düşərgənin nümayəndəsi olduğundan həmin birliyin seçkidə qələbə çalmasını arzulayır:



“O bununla qərbyönümlü addım atdığını zənn edir. Azərbaycanın guya Türkiyənin daxili işinə müdaxilə etmək niyyəti olduğu iddiası ilə Nagehan Alçı Türkiyə-Azərbaycan dostluğuna xələl gətirmək istəyir. Müxalifət liderinin seçicilərinin ikinci mərhələdə daha geniş şəkildə öz namizədinə səs verməsini təmin etməyə çalışırlar.

Sinan Oğan isə Azərbaycanın maraqlarını müdafiə edən, azərbaycanəsilli Türkiyə siyasətçisidir. Heç kimdə şübhə yaratmamalıdır ki, Sinan Oğanın ifadələri, türk jurnalistə sözlə “şillə vurması” onun Azərbaycana hörmətinin, məhəbbətinin göstəricisidir. Sinan Oğan anlayır ki, Qarabağ Azərbaycanın ən həssas yeridir. Həssas durumda Azərbaycanın düşmən işğalında olmuş torpaqlarına qanunsuz səfər etmək, ermənipərəst mövqe sərgiləyərək, işğalçını dəstəkləmək türkiyəli jurnalistə yaraşmayan hərəkətdir. Əminəm ki, Sinan Oğan həmişə Azərbaycanın yanında olacaq, belə hallarda öz qəti mövqeyini bildirəcək”.

Aysel Aslan

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}