Prezidentin mədəniyyət nazirinin müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyev Fərid Cəfərovu Azərbaycan mədəniyyət nazirinin müavini təyin edib. Oxu.Az xəbər verir ki, Fərid Cəfərov 1982-ci il iyunun 6-da Mingəçevir şəhərində anadan olub. O, 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub. 2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində (“beynəlxalq hüquq” ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb. 2006-cı ilin oktyabrında Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin referenti vəzifəsinə təyin olunub. 2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəffəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib. 2008-ci ilin yanvarında XİN-in attaşesi, eyni ilin oktyabrında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu-York şəhəri) attaşesi vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub. 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyununda isə baş mütəxəssisi vəzifəsinə təyin olunub. 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il 3783 № li sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilib. Şəffaflıq.az
Facebook-da paylaş