Baş nazirin vəzifəyə təyin etdiyi şəxs kimdir?
Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib. Şəffaflıq.az Murad Nəcəfbəylinin dosyesini təqdim edir: Murad Nizami oğlu Nəcəfbəyli Bakı şəhərində anadan olub. Paytaxtın Səbail rayonunda yerləşən 91 saylı orta məktəbdə təhsil alıb. Ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Murad Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə və Estoniyadakı səfiri olub. 2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2021-ci ildə Estoniyadakı səfir vəzifəsindən geri çağırılıb. Eləcə də o, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Ailədə 3 qardaşdırlar. Digər qardaşları Hüseyn Nizami oğlu Nəcəfov və Eldar Nizami oğlu Nəcəfov da Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışırlar.
Facebook-da paylaş