Düzünə sürəndə çox fərli idik, qalmışdı arxa-arxaya sürməyimiz...


Kubra Məhərrəmova yazır...

Bəzən mənə elə gəlir ki, bizim millət kimi bekar, başına macəra axtaran, nə özünün, nə də başqasının həyatına önəm verən başqa millət yoxdur. 

Bizim yollar, sürücülər, yollardakı tıxaclar haqqında danışsaq, yazsaq “Kitabi-Dədə Qorqud” dastanını geridə qoyarıq... 

Yollar bərbaddır bir dərd, tıxacdır iki dərd. Ölüm saçan “Prius”lar isə Əzrailin hibrid formasıdır sanki. Öldürə də bilər, öldürməyə də.
Hər gün Daxili İşlər Nazirliyi (DİN) məlumat verir ki, narkotik maddələrin təsiri altında avtomobil idarə edən filan qədər sürücü saxlanılıb. 

Bu narkotik maddə isə elə bil ki, tindəki “Dönər”çidən dönər almaq kimi bir şey olub. Sanki sərnişinə deyir ki, “ay qaa, bir dənə “patı” alım, gedək”. Sərnişin də elə bil deyir ki, “işində ol, əmioğlu”. 

Paralel dünyada baş vermir bu. Düz qapımızın ağzında, iş yerimizin qabağında, bazardan çıxanda, həkimə gedəndə baş verir bunlar.
İndi sərnişin cibində narkoloji test gəzdirsin, ya qan analizini müəyyən edəcək laboratoriya? Bədbəxt necə bilsin ki, bu sürücü “hallıdır”, ya yox? 

Bakıda istər yerüstü, istərsə də yeraltı hərəkət qorxu filmidir. Heç vaxt bilmirsən ki, axmağın biri harada və necə qabağına çıxacaq. Axşam evə dönməyimiz də açığı Allahın bizə lütfüdür. Çünki həqiqətən də Allahın ümidinə qalmışıq. 

O gün “dəlinin” biri avtomobili arxaya sürməklə adını “TikTok”un “kəşf edin”ə elə yazdı ki, polis onu saxlayan kimi göndərdilər xəstəxanaya. 

Başına döndüyüm millət də dedi ki, “papasının gül balası olanda, məsuliyyətdən qaçmaq üçün hər yola əl atırlar”. Bu fərziyyənin doğru olub-olmaması barədə heç nə deyə bilmərəm. Amma bir şey var ki,  cəmiyyət bu kimi məsələlərdə o qədər “dəli” kağızı ilə cinayətkarların aradan çıxmağını görüb ki, bu dəfə baş verənlər də onlarda əsaslı şübhələr yaratdı. Amma öz payıma deyirəm ki, Allaha and olsun, başında ağlı olan maşını arxa-arxaya sürməz. Vallah sürməz. 

Çünki ən aşağı əmsallı beyinlə belə anlamaq olar ki, bu hərəkətlə adam həm özünü, həm də başqalarının həyatını təhlükəyə atır. Əgər adam bunu anlamırsa deməli beyin yoxdur. 

İndi keçək digər məsələyə. Adam bu gün dəli olub, yoxsa əvvəl də dəli imiş? Əvvəldən dəli imişsə necə olur ki, sürücülük vəsiqəsini alır? İndi kimsə də deyəcək ki, guya sürücülük vəsiqəsini alanların hamısı ağıllıdır? 

Bugünkü hadisə isə yenə bu sualın açıq olduğuna dəlalət edir. 

Bu gün “20 Yanvar” dairəsində daha bir “dəli” avtomobili arxa-arxaya sürüb. Özü də köhnə maşında, üstündə də “taksi” yazılan nişanla. (VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb).

Deyən lazım ki, ay “Formula-1”in pilotu, bu nə işdir sən tutursan? Niyə belə edirsən axı? Avtomobilin hay-hayı gedib, vay-vayı qalıb. Axı bu dəmir parçası sənin yeganə qazanc mənbəyindir. Get müştərini apar, yükünü daşı, pulunu qazan da. Lazımdır sənə Şumaxerlik eləmək? 

Səni saxlayıb polis bölməsinə gətirəndə, divar boyunda durub xalqdan üzr istəyəndə, deyəcəksən ki, “tutduğum əməldən peşmanam”. 

Amma bir anlıq belə peşman olmayacaqsan. Çünki hələ də anlamayıbsan ki, bu addımla həm özünü, həm də yol hərəkəti iştirakçılarını riskə atırsan. 

Onsuz da yollarımız ölüm saçır. Sürücülük vəsiqəsini “alanlar”, qayda-qanun bilməyənlər bir tərəfdən, “patı” atıb gecə-gündüz yollarda taksi sürənlər digər tərəfdən yol-hərəkət iştirakçılarını mühasirəyə alıblar. Mən hələ alkoqollu içki qəbul edib küçələrə düşənləri demirəm. 

Sərxoş sürücülərin isə bir şüarı var, mən həmişə özüm sürürəm maşınımı. Və günlərin bir günü bu maşın sürücünün dəmir tabutuna çevrilir. Ən yaxşı halda ancaq özü üçün, ən pis halda isə daha bir neçə nəfər üçün. 

Cəmiyyət isə baş verənlərə həddindən artıq vecsiz yanaşır. Amma hər gün yollarda terror yaşanır. Bu terroru isə özümüz yaradırıq. Bu terrorçular evimizə başqa ölkələrdən gəlməyib. 

Aqressiv, “patılı”, sərxoş, “papa balaları”, “dəli” sürücülərin imkanı olsa metroda belə maşın sürərlər. Yəni bu potensialı onlarda görürəm. 

Qatarı tapdalayıb üstündən keçər. Relslərin üstündə belə maşını arxa-arxaya sürər. 

Allaha qurban olum, yaradıb sonra da başlarını buraxıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}