“Gömrük tarifi haqqında” Qanuna dəyişiklik edildi
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilib. Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521; 2022, № 1, maddə 19, № 5, maddə 474) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 3.1-1-ci bəndə “Qanunun” sözündən sonra “12.4-cü,” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin: “3.1-2. həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir”.
Facebook-da paylaş