Azərbaycan Prezidenti Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib. Şəffaflıq.az xəbər verir ki, səfir Xristos Kapodistrias etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Cənub Qaz Dəhlizinin ölkələrimizi birləşdirdiyini və bütöv bir regionun inkişafına töhfə verdiyini, ümumi maraq kəsb edən layihə olduğunu bildirib. Həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını qeyd edib. Prezident İlham Əliyev Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. Səfir Xristos Kapodistrias Azərbaycanda fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Diplomat xüsusilə elm, təhsil, mədəniyyət, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdə həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı məsələlərinə də toxunulub, Yunanıstanın Azərbaycanın hər iki təsisatla əlaqələrinin genişləndirilməsini dəstəklədiyi qeyd olunub. Söhbət zamanı regional məsələlərə toxunularaq, Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr haqqında məlumat verilib, yolun guya bağlı olması barədə Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu bildirilib. Dövlət başçısı qeyd edib ki, dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki şəxslərin və mülki yüklərin, 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yolla hər iki istiqamətdə hərəkəti təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Facebook-da paylaş