Sabiq sədr 135 min manat bələdiyyə əmlakını MƏNİMSƏYİB
Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsədiyi müəyyən edilib. Bu barədə rayon prokurorluğundan məlumat verilib. İstintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə olduğu 2013-2020-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəməsi, habelə bələdiyyənin hüquq və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Qəşəm Əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Şəffaflıq.az
Facebook-da paylaş