Rusiya mediası: “Putin yeni ildən sonra Ukraynadakı müharibəni nəyə çevirəcək?”
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının güc və hərbi bloklarının rəhbərlik nümayəndələri ilə görüş keçirib. Görüşdə yeni ildən sonra hərbi vəziyyət elan ediləcək Rusiya ərazilərinin genişləndirilməsi məsələsi müzakirə olunub. Moskvada hərbi vəziyyətin nə zaman elan ediləcəyi isə hələ məlum deyil. Bu barədə Rusiyanın “General SVR” “Telegram” kanalı məlumat yayıb. Nəşrin məlumatına görə, Kreml rəhbəri həmçinin ikinci səfərbərlik dalğasının keçirilməsində təkid edir. Bu dalğa 2023-cü ilin yanvar-fevral aylarının ikinci yarısında Moskvada səfərbərliyin bəyan edilməsi ilə yanaşı hərbi vəziyyətin elan edilməsi ilə də nəticələnə bilər. “Dar dairədə prezidentin Ukraynada qondarma “xüsusi əməliyyat”ın başlanmasının ildönümü ilə bağlı çıxışının olması müzakirə olunur. Həmçinin bu çıxış zamanı nəticələrin yekunlaşdırılması və artıq qismən deyil, tam şəkilli səfərbərliyin elan olunması variantları müzakirə edilir. Digər variant kimi isə yeni il tətilindən sonra yanvarın 9-dan 13-dək xalqa müraciət edilməsi, səfərbərlik elan edilməsi və hərbi vəziyyət zonasının uzadılması nəzərdən keçirilir”, - deyə məlumatda qeyd edilir. “Telegram” kanalı bildirir ki, Kreml səfərbər edilən ehtiyat hərbçilər, o cümlədən bu kateqoriyaya daxil edilən qadınlar üçün sərhədlərin bağlanmasını məcburi hesab edir. Eyni zamanda Kreml rəhbəri o qənaətdədir ki, müharibə “xalq müharibəsi”nə çevrilməlidir. “Putinin bu nöqteyi-nəzərini Serqey Kiriyenko yayımlayırdı. O dedi ki, müharibə “xalq müharibəsi”nə çevrilməlidir. Müharibədə qələbə Putinin şəxsi xidməti hesab olunacaqdı, məğlubiyyətin yükü isə bütün Rusiya vətəndaşlarının çiyninə düşür”, - deyə “General SVR” vurğulayıb. Şəffaflıq.az
Facebook-da paylaş