Macarıstanlı futbolçu: "Qarabağ"la oyunda iştirak etmək istəyirəm"
"Qarabağ"la oyunda iştirakım çox yaxşı olardı". Şəffaflıq.az-ın məlumatına görə, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan təmsilçisi ilə qarşılaşacaq Almaniyanın "Frayburq" klubunun futbolçusu Roland Şallai "Kicker" nəşrinə açıqlamasında deyib. Uzun müddətli zədədən sonra sıraya dönən 25 yaşlı macarıstanlı vinger Bakıdakı görüşdə meydana çıxmaq istədiyini bildirib: "Bu barədə baş məşqçi ilə danışmışam. Heyətdə yer alacağıma və ən azı 10-15 dəqiqə oynayacağıma ümid edirəm. Uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətindir". Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
Facebook-da paylaş