“Azərxalça” ASC-yə yeni sədr müavini təyin olunub
Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib. Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Emin Əfəndiyev 1992-ci ildə Material Ehtiyatları Nazirliyi, “Azərtikinti Materialları” İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib. 1996-2004-cü illər ərzində “Rossiyskiy Kredit” BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son dörd ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2004-2009-cu illərdə AZAL SKB (2008-ci ildə adı dəyişdirilərək “Silk Way” SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib. 2015-2018-ci illərdə “MBA-Moskva” Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasında törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib. 2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Facebook-da paylaş