Gömrük tariflərində gözlənilən dəyişikliklər AÇIQLANDI


 

2022-ci ilin ilk rübü ərzində Azərbaycan Respublikasının mal nomenklaturasının Ümumdünya Gömrük Təşkilatının “Malların Təsviri və Kodlaşdırılması üzrə Beynəlxalq Harmonikləşdirilmiş Sistemi”nin 2022-ci il variantına uyğunlaşdırılması nəzərdə tutulub.

Şəffaflıq.az xəbər verir ki, bunu “Report”a müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O bildirib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin müvafiq qərarı ilə qüvvəyə minməsi gözlənilir, artıq aidiyyəti nazirliklərlə müzakirələr başa çatıb.

“Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı üçün bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi və rəqabətqabiliyyətliliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə 29 dekabr 2021-ci il tarixli, 417 saylı Qərarına əsasən, 1 yanvar 2022-ci il tarixindən idxal edilən quş əti, quş yumurtası, sement klinkerləri və bəzi növ keramika məmulatlarına tətbiq edilən spesifik idxal gömrük rüsum dərəcələrinin müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılıb”, - deyə Səfər Mehdiyev gömrük tarifləri sistemində gözlənilən yeniliklərdən danışarkən əlavə edib.  

DGK sədri bu il üçün Dövlət Gömrük Komitəsinin planları barədə də məlumat verib:

“Sərhədlərdə sürətli keçidin təmin olunması, vətəndaşlara müasir və innovativ gömrük xidmətlərinin göstərilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına yardım edəcək yeni nəzarət mexanizmlərinin və innovativ metodların tətbiqi sahəsində tədbirlərin həyata keçirilməsi əsas prioritet hədəflərimizdəndir.

Gömrük-sərhəd buraxılış məntəqələrində şəxslər tərəfindən yerinə yetirilməli olan prosedur və əməliyyatları daha da təkmilləşdirməklə sərf olunan vaxt və xərc normalarının minimallaşdırılması, ödəmə sistemlərinin daha da təkmilləşdirilməsi (ATM, yeni ödəniş terminalları və POS-terminalların quraşdırılması və s.), müasir dövrün tələblərinə uyğun olaraq Elektron Ticarət və Poçt Göndərişləri sahəsində artan tendensiyanı nəzərə alaraq bu sahədə gömrük tənzimlənməsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda, beynəlxalq standartların tələblərinə cavan verən sərhəd infrastruktur vahidlərinin formalaşdırılması və gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun yaxşılaşdırılması məqsədilə, eləcə də gələcəkdə bəzi gömrük-sərhəd buraxılış məntəqələrindən ixtisaslaşdırılmış şəkildə yalnız şəxslərin, minik nəqliyyatı vasitələrinin, avtobusların və ya yük nəqliyyat vasitələrinin keçidini təmin etmək üçün istifadə olunması ilə əlaqədar işlərin sistemli şəkildə həyata keçirilməsi planlaşdırılır”.

O əlavə edib ki, 2022-ci ildə risklərin idarəolunması sahəsində hədəfimiz isə ilk növbədə ötən il başladılan layihələrin uğurla icra olunmasıdır:

“Bundan başqa, ticarət dövriyyəsinin və buna uyğun məlumat həcminin ildən-ilə artması Dövlət Gömrük Komitəsi üçün yeni çağırış olmaqla, məlumat bazalarından daha səmərəli və müasir istifadəni tələb edir. Bu səbəbdən dünya təcrübəsinə istinad edərək süni intellektin gömrük fəaliyyətinə inteqrə olunmasının perspektivlərinin araşdırılması 2022-ci ildə həmin sahə üzrə prioritet istiqamətlərdən biri olacaq.

Xarici ticarət iştirakçılarına göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, vətəndaş məmur təmasının minimuma endirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də müasir informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə yeni elektron xidmətlərin istifadəyə verilməsidir”.

Səfər Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi bu il ərzində də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}