Rusiyada Azərbaycan kinosuna retrospektiv baxış keçiriləcək
Fevralın 7-dən 15-dək Moskvanın “İllüzion” kinoteatrında Azərbaycan kinosuna retrospektiv baxış keçiriləcək.
Tədbirin proqramı Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə hazırlanıb. Retrospektiv baxışın kuratorları Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin direktoru və rejissoru Rüfət Həsənov, eləcə də “İllüzion” kinoteatrının bədii rəhbəri Aleksandra Lavrovadır.
Qeyd edək ki, bu, müasir Rusiya tarixində Azərbaycan kinematoqrafiyasının ilk irimiqyaslı retrospektividir. Tədbirin on doqquz filmdən ibarət proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi əhvalatları, sosial dramlar və sürrealistik əsərlər daxildir.
Müharibədən sonrakı dövrün filmlərindən beynəlxalq festivalların iştirakçısı olan müasir müəllif filmlərinə qədər – retrospektivin proqramı müxtəlif dövrlərə aid Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirəcək.
Nümayişlər rejissorlar və kinoşünaslarla görüşlər, həmçinin Azərbaycan kinosu mütəxəssisləri, o cümlədən Ayaz Salayev, Teymur Daimi, Cahangir Səlimxanovun açılış nitqləri ilə müşayiət olunacaq.
Filmlərin yarıdan çoxu Rusiya Dövlət Film Fondunun arxivində olan 35 mm-lik lentdən nümayiş etdiriləcək. Rəqəmsal nüsxələr isə Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim ediləcək.
Retrospektiv baxışın proqramı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Şəffaflıq.az
Facebook-da paylaş