Deputat: "Prezidentin Gəncəyə səfərini yerli sakinlər xoş əhval-ruhiyyə ilə qarşıladılar"

"Prezident İlham Əliyevin Gəncə şəhərinə 18-ci səfərini yerli sakinlər xoş əhval-ruhiyyə ilə qarşıladılar. Hər kəs sevinc içindədir. Cənab Prezidentin Gəncəyə səfəri vacib açılış və təməlqoymalarla yadda qaldı. Bu baxımdan bütün gəncəlilər adından dövlət başçısına minnətdarlığımı bildirirəm".
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, dövlət başçısının səfəri zamanı çox vacib infrastuktur layihələrinin açılışı olub, təməlqoyma mərasimləri keçirilib: "Bu dəfə Gəncədə dram teatrının yeni binası istifadəyə verildi, həmçinin ikinci "ASAN Xidmət" mərkəzinin açılışı oldu. Bununla yanaşı, vaqon-depo açılışının şahidi olduq. Artıq sürətli qatar işləyir. Yeni açılan mərkəz gələcəkdə sərnişindaşıma və yükdaşımaya böyük töhfə verəcək. Habelə, şəhərdə böyük bir idman sarayının tikintisi həyata keçirilir. Cənab Prezident bu proseslə də yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi".

 N.Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Gəncəyə 13 uzaqmənzilli raket atılıb, onlardan 8-i partlayaraq şəhərin infrastukturuna ciddi ziyan vurub: "Prezident həmin ərazilərdən birində 4 hektar ərazini əhatə edəcək memorial kompleksin açılışında iştirak etdi. Erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq üçün bu kompleks mühüm rol oynayacaq. Dövlət başçısı AZƏRTAC-a müsahibəsində Gəncənin qorunmasının vacibliyindən söz açdı, buranın ölkənin ikinci böyük şəhəri olmasını diqqətə çatdırdı. Eyni zamanda Gəncədə həyata keçirilən infrastuktur layihələrinin gələcəkdə də davam etdiriləcəyi vurğulandı. Azərbaycanın erməni faşizmi üzərində qələbə qazandığını, amma erməni faşizminin hələ tam məhv olmadığını dedi. Bu baxımdan ordumuzun, iqtisadiyyatımızın gücləndirilməsi, Azərbaycanın regionun aparıcı dövlətlərindən biri olaraq davam etməsinin zəruriliyindən söz açıldı. Həmçinin işğaldan azad olunmuş bölgələrdə quruculuq-abadlıq işlərinin uğurla həyata keçirildiyi, xüsusilə Kəlbəcər və Laçının inkişafı ilə Gəncənin bağlılığını diqqətə çatdırdı. Çünki təchizatın daşınması məhz Gəncə vasitəsilə həyata keçirilir. Bir sözlə, cənab Prezidentin Gəncəyə səfəri vacib açılış və təməlqoymalarla yadda qaldı. Bu baxımdan bütün gəncəlilər adından dövlət başçısına minnətdarlığımı bildirirəm”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}