Böyük geosiyasi güclər və yeni dünya düzəni: qeyri-müəyyənlik və risklərdən xilas modeli varmı?
İki əsas ssenari: şanssız şanslılar
Maraqlıdır ki, dünyanın geosiyasi mənzərəsi haqqında tədqiqatçıların araşdırmaları davam edir, lakin ortaq bir yanaşma hələ də mövcud deyil. Sanki geosiyasi dinamika alimlərin tədqiqatlarının məntiqini və metodologiyasını qabaqlayır. Bu, özlüyündə paradoksal vəziyyətdir və bütövlükdə qlobal miqyasda riskləri, qeyri-müəyyənliyi və gözlənilməz hadisələri artırır. Ancaq hər nə olsa, reallıq bundan ibarətdir və görünür ki, yaxın illərdə vəziyyət köklü surətdə dəyişməyəcək.
Buna baxmayaraq, nəzəri olaraq geosiyasi konsepsiyalar çərçivəsində fərqli yanaşmalara cəhdlər də özünü göstərir. Bizim üçün daha maraqlı olanı müasir elmi yanaşmalarda mövcud olan metodologiyaları dünya sisteminin təhlilinə tətbiq etmək cəhdlərinin müşahidə edilməsidir. Bu baxımdan qlobal geosiyasi nizamın mümkün ssenariləri ilə bağlı analitik və proqnostik tezislərin formalaşdırılması da aktuallıq kəsb edir.
Ümumiyyətlə, müasir geosiyasi düzənlə əlaqəli bütün yanaşmalarda ortaq olan bir məqam mövcuddur: müasir dünya daha mürəkkəb bir sistem halına gəlib, proseslər ziddiyyətlər və qeyri-müəyyənliklərlə xarakterizə olunur, risklər və gözlənilməzlik artır. Bu ümumi xarakteristika fonunda daha konkret səviyyədə hazırda böyük güc kimi qəbul edilən dövlətlərdən hər birinin fərqli yanaşdığı qəbul edilir.
Belə çıxır ki, yalnız real geosiyasi proseslər mürəkkəb və ziddiyyətli təsəvvür edilmir, həm də böyük güclərin hazırkı dönəmdə yaranmış mənzərəyə münasibətlərində bir qeyri-müəyyənlik mövcuddur. Bəlkə də, proseslərin real qeyri-müəyyənliyindən bu məqam daha riskli görünür. Çünki problemi həll etmək üçün oyunçuların aydın və konkret mövqeyinin olması şərtdir.
Deməli, geniş aspektdə baxsaq, müasir qlobal geosiyasətin problemi yalnız real müstəvidə müşahidə edilən qeyri-müəyyənlikdə deyil, həm də bu mənzərəyə əsas oyunçuların yanaşmasında gözə çarpan qeyri-müəyyənlikdədir. Məsələnin konseptual həllinin başlanğıc nöqtəsinin və son nəticənin də bu prizmadan axtarılması elmi cəhətdən daha doğru olardı.
Rusiyalı alim İvan Timofeyevin bir məqaləsində həmin kontekstdə maraqlı təhlil aparılır (bax: Иван Тимофеев. Новая анархия? Сценарии динамики мирового порядка / РСМД, 2 avqust 2019). Müəllif müasir dünya sistemini bir neçə ssenari üzrə transformasiya etmək imkanlarını araşdırır. Onlar üzərində geniş dayanmaq fikrimiz yoxdur, çünki bizim öz yanaşmamız vardır. Lakin qlobal geosiyasətin ssenarilərinin analizi İ.Timofeyevin yazısında maraqlı formada verilib.
Dünya nizamının gələcəyi haqqında diskussiyaların iki əks nöqteyi-nəzərə bölündüyü vurğulanır. Birinci mövqeyə görə, "soyuq müharibə" bitəndən sonra dünya qəti olaraq liberal düzənə keçdi. Obrazlı olaraq, onu "qaydalara əsaslanan nizam" adlandırırlar. Lakin "qayda" dedikdə, Qərb standartlarına uyğun fəaliyyət nəzərdə tutulur. Bu mənada söhbət ümumdünya və ya bəşəri qaydalardan getmir, konkret olaraq Qərb ölkələrinin formalaşdırdığı meyarları bütün dünyaya aid olduğu kimi qəbul etdirməkdən gedir. Təbii ki, bu çərçivədə Qərbin üstünlüyü avtomatik qəbul edilir və dünyanı "birqütblü" adlandırmaq onlara sərf etmir. Əksinə, dünya qütbləri olmayan, hər bir ölkənin azad tərəqqi etmək şansına malik olduğu, universal qaydalarla qarşılıqlı münasibətlər qurulduğu sistem kimi təqdim edilir. Yekun olaraq, dünyanın sabitliyindən, qarşılıqlı asılılığından və inkişafından hamı qazanır (bax: əvvəlki mənbəyə).
Buna əks olan yanaşmaya görə isə liberal dünya nizamı qeyri-stabildir və böhran vəziyyətinə yaxındır. Bu yanaşmaya görə, dünya faktiki olaraq birqütblüdür, çünki ABŞ və müttəfiqlərinin hegemonluğuna əsaslanır (bax: əvvəlki mənbəyə). Ancaq bu model perspektivli sayılmır. Yeni güc mərkəzlərinin yaranması isə alternativlərin meydana gəldiyini ifadə edir. Buna görə də həmin yanaşmanın tərəfdarları çoxqütblü dünya modelini irəli sürürlər. Bu modelə görə, dünya bərabərhüquqlu tərəfdaşlar cəmiyyətidir, BMT başda olmaqla, beynəlxalq təşkilatların proseslərin tənzimlənməsində rolu böyükdür.
Qütblü dünya: qütbsüzlüyə doğru
Şəffaflıq.az newtimes.az-a istinadən xəbər verir ki, bunlardan başqa, mütəxəssislər ən azı daha iki yanaşmadan bəhs edirlər. Onlardan biri dünyanın qütbsüz olmasından ibarətdir. Bu model üçün xaotik və sürətlə dəyişən dünya, "hamının hamıya qarşı müharibəsi", ənənəvi institutların iflası xarakterikdir (bax: əvvəlki mənbəyə).
Maraqlıdır ki, milli dövlətçiliyin də bu yanaşma çərçivəsində iflas etməkdə olduğu iddia edilir. Aydındır ki, bu yanaşmada dünyanın yeni balanslı vəziyyətə keçidi deyil, tamamilə xaosa düçar olması və ondan sonra prinsipial olaraq yeni nizamlı vəziyyətin meydana gəlməsi qəbul edilir. O da vurğulanır ki, həmin yanaşma akademik tədqiqatlar çərçivəsindən kənara çıxa bilməyib.
Nəhayət, sonuncu ssenari ondan ibarətdir ki, yeni ikiqütblü dünyanın formalaşması prosesi gedir. Lakin bu yanaşmanın başlıca sualı ikinci qütbün kim olmasında konkretliyin olmaması ilə bağlıdır. İkinci qütb rolunu oynaya biləcək güc hələ də dəqiq deyil. Namizədlər mövcuddur: Çin, Rusiya, Hindistan, Avropa İttifaqı, Yaponiya və s.
Bunlar da qətiyyətlə ikinci qütb olmaqdan çox, ya liberal modelə uyğunlaşıblar (Avropa İttifaqı, Yaponiya və s.), ya da çoxqütblülükdən danışıblar (Rusiya, Çin, Hindistan və başqaları) (bax: əvvəlki mənbəyə). Bu zaman onlar bu cür mövqe tutduqlarına görə müəyyən dərəcədə "mükafatlarını" da alıblar. Deməli, dolayısı ilə birqütblü dünya modelinə xidmət ediblər. Bir sıra ekspertlər Çinlə bağlı məhz bu kontekstdə fikirlər irəli sürüblər.
Bunların fonunda daha maraqlısı ondan ibarətdir ki, ekspertlər dünyanı bu dərəcədə mürəkkəbləşdirən gücün alternativlər sırasında olmadığını, hazırda qlobal lider kimi qəbul edilən ABŞ-ın vəziyyəti qeyri-müəyyən etdiyini iddia edirlər. Yəni faktiki olaraq artıq formalaşmış postbipolyar dünyanı Amerika "qarışdırır". Bunu mütəxəssislər beynəlxalq münasibətlərdə "unikal mərhələ" adlandırırlar. Çünki qlobal liderin dünya nizamını transformasiya etdiyi məlumdur, lakin bunu hansı məqsədlə həyata keçirdiyi barədə konkret təsəvvürlər yoxdur. Vaşinqtonun məqsədi nədir: dünyada öz xeyrinə dəyişiklik etməkmi, yeni alternativləri qorxutmaqmı, yoxsa digərlərini sistem səhvləri etməyə təhrik edərək, ondan istifadə etməkmi? (bax: əvvəlki mənbəyə).
Bu müddəaların fonunda Donald Trampı "dağıdıcı fiqur" rolunda görənlər yanılırlar. Bir müddət sonra dünyanın öncəki düzənə qayıdacağı nəticəsi inandırıcı görünmür. Hansısa fundamental proseslər gedir. Onun əlaməti kimi, aşağıdakı tezis irəli sürülür: "...böyük oyunçular əvvəlki kimi deyillər: Çin köhnə nizam üçün çox böyükdür, Rusiya onun üçün son dərəcə inadkar və sərbəstdir, Avropa İttifaqı daha çox avtonomdur" (bax: əvvəlki mənbəyə).
Bu müqayisələrdən hansı geosiyasi nəticəni çıxarmaq olar? Belə təəssürat yaranır ki, qlobal geosiyasət hazırda konkret bir modelə uyğun gəlmir. Onu dünyanın böyük dövlətləri "silkələyib" köhnə nizamlılıqdan çıxarmağa çalışırlar. Bu zaman ABŞ, Rusiya, Çin və Avropa İttifaqı başlıca oyunçular təəssüratı bağışlayırlar. O halda qlobal geosiyasi mənzərənin dəyişmə dinamikasının həmin qüvvələr arasında münasibətlərin məzmunundan asılı olacağı qənaəti alınır. Bu isə tam qeyri-müəyyənlikdir. Çünki vurğulanan güclərin bir-birini tam məğlub etmək imkanları yoxdur, eyni zamanda, geri çəkilmək niyyətini də nümayiş etdirmirlər.
Bunlardan belə nəticəyə gələ bilərik ki, qlobal geosiyasətdə hansı modelin qalib gələcəyini proqnozlaşdırmaq xeyli çətindir və hətta indiki mərhələdə mümkün deyil. Görünür, hələ bir müddət dünya "idarəedilən xaos dəhlizi"ndə qalacaq. Ondan sonra təkqütblü, ikiqütblü və ya çoxqütblü dünya nizamının formalaşacağını zaman göstərəcək. Hətta heç bir qütbü olmayan, çox sayda aparıcı qüvvəsi olan bir dünya da yarana bilər. Əsas odur ki, yeni nizam hər bir xalqa və ölkəyə sülh, rifah və əmin-amanlıq gətirsin. Deyəsən, müasir dünyanın həll edilməyən başlıca məsələsi də elə bundan ibarətdir. Böyük oyunçular xalqların rifahını düşünmürlər. Bu düşüncəni necə dəyişməli? Bu sualı isə heç qoymurlar!
Şəffaflıq.az
Facebook-da paylaş