Bu fermerlərə subsidiya ödənilməyəcək

 

Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması prosesi davam edir.

Şəffaflıq.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi prosesin sürətləndirilməsi məqsədilə bölgələrdə fermerlər üçün məlumatlandırma sessiyaları təşkil edir. Maarifləndirmə işləri ilk növbədə əkin dövriyyəsində payızlıq arpa və buğda əkinllərinin çoxluq təşkil etdiyi rayonlarda aparılır.


Nazirlik tərəfindən növbəti məlumatlandırma sessiyası Ağcabədi, Ağdam və Tərtər rayonlarında keçirilib. Bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır.


Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında və gəlirlərinin artmasında mühüm rol oynayır. Aqrar sahənin inkişaf etdirilməsi məqsədilə fermerlərə dövlət tərəfindən subsidiyalar ödənilir. Subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Fermer dövlət dəstəyindən yararlanmaq, subsidiya almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərini EKTİS-də açdığı şəxsi kabinetə yükləməli və hansı məhsulu əkdiyini bəyan etməlidir. Reqlamentə əsasən, torpaq sənədləri və əkin bəyanları monitorinqə cəlb olunur, nəticələr təsdiqləndikdən sonra subsidiya vəsaiti fermerlərin “Fermer kartı”na köçürülür. Fermerlər kartdakı vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan vəsaitdən isə gübrə, toxum, pestisid və s. aqrar istehsal vasitələri ala bilər.


Payızlıq əkinlərin bəyan prosesi dekabrın 30-da başa çatır. Bu tarixə qədər əkinlərini EKTİS-də bəyan etməyən fermerlərə subsidiya ödənilməyəcək. Məlumatlandırma sessiyalarında fermerlərə bəyanın son müddət tarixini gözləmədən əkin məlumatlarını EKTİS-ə daxil etmək tövsiyə olunub.


Görüşlər zamanı EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}