Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Göyçay, İsmayıllı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb.-FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.
Şəffaflıq.az xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ümummilli lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
 S.Babayev vətəndaşlarla görüşündə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O,  Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi iki sosial islahat paketinin uğurlu nəticələrini diqqətə çatdırıb, minimum pensiyanın və əmək haqlarının, müavinət və təqaüdlərin ciddi şəkildə artırıldığını vurğulayıb.
Qəbul zamanı vətəndaşlar pensiya və sosial müavinət, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesinə dəstəyin göstərilməsi, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat,  ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər və s. məsələlərlə bağlı müraciət ediblər.
Nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə keçən qəbulda müraciətlərdə əksini tapan məsələlər ətraflı araşdırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Bir sıra vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, bərpa müalicəsinə, reablitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün S.Babayev tərəfindən tapşırıqlar verilib. Müraciətlərinə uyğun olaraq ayrı-ayrı vətəndaşlara işlə təmin edilmələri üçün vakant iş yerlərinə göndərişlər təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağsu rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov isə İsmayıllı rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Qəbula gələn vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə əlaqədar müvafiq tədbirlər görülüb.
Vahid İsmayılov
Şəffaflıq.az




 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}