Kömür defisiti qlobal iqtisadiyyata nə vəd edir?

 Avropada təbii qaz qiymətlərinin kəskin şəkildə bahalaşması gözlənilmədən “çirkli enerji” adı verilən kömürə tələbi əhəmiyyətli dərəcədə artırdı. Bu, kömürdən alınan elektrik enerjisinin qiyməti ilə bağlıdır. Belə ki, Avropada kömürdən alınan elektrik enerjisinin 1 mVt/saatının qiyməti bu gün 120 avrodur. Təbii qazdan alınan enerjinin dəyəri isə 1 mVt/saat üçün 200 avrodur. Digər enerji mənbələri ilə müqayisədə fərq daha da böyükdür. Lakin bu gün qlobal miqyasda kömürün təklifi tələbin xeyli altındadır. Kömürün qlobal istehlakı pik həddinə 2013-cü ildə çatıb. Sonrakı beş ildə qlobal tələb 2,5 % azalıb. Avropada bu göstərici 8 dəfəyə yaxın daha çox olub.
Sonrakı illərdə mülayim hava, təbii qaza olan qiymətlərin aşağı düşməsi və bərpa olunan enerjiyə keçidlə bağlı ələlxüsus Almaniya, Britaniya və Fransa kimi aparıcı Avropa İttifaqı ölkələri komürdən istifadəni əhəmiyyətli dərəcədə azaltdılar. Koronavirus pandemiyası dövründə bütövlükdə enerji daşıyıcılarına tələbin aşağı düşməsi və bunun da nəticəsi kimi onların qiymətinin kəskin ucuzlaşması kömürdən imtina trendinin bir xeyli sürətləndirdi. Avropa ölkələrində kömür istehlakının, bunun nəticəsi olaraq onun idxalının azaldılması ilk növbədə “yaşıl enerji” doktrinası ilə bağlıdır. Almaniya 2035-2038-ci illərə kimi kömürdən istifadədən tam imtina edəcəyini bəyan edib. Britaniya son kömür mədənini hələ 2015-ci ildə bağlayıb. Bu ilin ilk yarısında Aİ-də elektrik enerjisinin generasiyasında kömürün payı orta hesabla 13 %, 2017-ci ildə isə 21 % olub. Kömür Asiya bazarına istiqamətləndi
Avropanın dekarbonizasiya ilə bağlı bəyan etdiyi siyasət kömür ixracatçılarının təchizat zəncirləri digər bazarlara, o cümlədən dünyanın ən çox kömür idxal edən ölkəsi olan Çinə yönləndirməyə sövq etdi. Avropadan fərqli olaraq Çin bəyan etdiyi “yaşıl enerji” strategiyasında daha təmkinli davranış sərgiləyir. Ölkənin növbəti beşillik planında kömürün istehsalı və istehlakının artırılması nəzərdə tutulub. Təkcə ötən il bu ölkədə bütün digər ölkələrdə tikiləndən 3 dəfə çox kömür elektrik stansiyaları inşa edilib. Daha 300 belə obyektin tikilməsi isə nəzərdə tutulub.
Paralel olaraq daxili istehsal artırılır. Bu il ölkənin şimalındakı daha əvvəl bağlanan mədənlərdə istehsal bərpa edilib. Bunun hesabına istehsal həcmlərini 110 milyon ton artırılması planlaşdırılır.
Pandemiyadan sonra bərpa dövrünü yaşayan Çin iqtisadiyyatı sürətli templərlə artmağa başladı. Elektrik enerjisinə tələb kəskin artdı. Kifayət qədər yanacağın olmaması enerji böhranının yaranmasına səbəb oldu. Böhranı tətikləyən məqam hələ ötən ilin noyabr ayında iki ölkə arasındakı siyasi gərginlik fonunda Çinin Avstraliyadan kömür idxalına qeyri-rəsmi qadağa qoyması oldu. Nəzərə almaq lazımdır ki, Avstraliyanın payına Çinin illik kömür idxalının 25 %-i düşürdü. Bu ölkə həmdə Çin bazarında kokslaşdırılmış kömür tədarükü üzrə vahid lider idi. İtirilmiş həcmləri kompensasiya etmək üçün Rusiya və İndoneziyanın timsalında yeni tədarükçülər tapıldı. Onlar isə Çinə ixracı artırmaq üçün digər bazarlara təklifi azaltmalı oldular. Lakin Rusiyanın Şərqindəki dəmir yolu xətlərinin buraxılış qabiliyyətinin kifayət qədər aşağı olması və İndoneziyadan dənizlə tədarük üçün balkerlərin defisiti kompensasiya etməyə imkan vermədiyi ortaya çıxdı. Nəticədə şüşə, keramika, sement, məişət texnikası üçün yarımkeçirici və komplektləşdiricilər istehsal edən enerji tutumlu iri müəssisələr fəaliyyətini dayandırmalı oldular. Bu isə öz növbəsində tədarük zəncirində fasilələrin yaranmasına və dünya üzrə qiymətlərin artmasına gətirib çıxardı. Çinin digər ölkələrdə kömürlə işləyən elektrik stansiyaların tikintisini maliyyələşdirməyəcəyini bəyan etməsi bazara təziqləri biraz daha artırdı. Çünki Beynəlxalq Yaşıl Maliyyə İnstitutun (IIGF) məlumatına görə, dünya üzrə inşa edilən kömür elektik stansiyalarının 70 %-i Çindən gələn investiyalardan asılıdır. Bu qərar kömür sənayesi üçün çox ciddi zərbədir.
Dünya üzrə ikinci ən böyük kömür idxalatçısı olan Hindistana da böyük həcmdə kömür lazımdır. Bu ölkənin enerji balansında kömürün payı 70 %-in üzərindədir. Ötən gün isə məlum oldu ki, Hindistanda fəaliyyət göstərən 135 istilik elektrik stansiyasının böyük əksəriyyətinin cəmi 3 günlük kömür ehtiyatı qalıb.
Rusiya “kəmər”dən də kömürdən də qazanmaq niyyətindədir
Hələ 1-2 il bundan əvvəl kömürün qiymətləri ən aşağı səviyələrdə idi. İndi isə yüksək qiymətlər dövrüdür. Kömürün qiyməti artıq bir ton üçün 300 ABŞ dollarını keçib. İlin əvvəlindən enerji istehsalı üçün istifadə olunan kömür 4 dəfəyə yaxın bahalaşıb. Yüksək qiymətlər dövrünün nə qədər davam edəcəyinə dair dəqiq proqnoz vermək çətin olsa da ən azından yaxın aylarda tələbin yüksək olaraq qalacağını demək olar. Bu baxımdan kömür hasil edən müəssisələr bundan maksimal dərəcədə yararlanmağa çalışacaqlar. Lakin kömür ixrac edən ölkələrin özündə də bunu reallaşdırmaq üçün imkanlar fərqlidir. Aparıcı kömür tədarükçülərindən biri olan İndoneziyada güclü yağışlar kömür mədənlərinin və limanların işini yavaşladır. Bununla əlaqədar olaraq bu il kömür hasilatının hədəf göstəricidən 2,4 % aşağı olcağı və 610 milyon ton təşkil edəcəyi gözlənilir.
Ötən il Avstraliya Çin bazarına kokslaşdırılmış kömür ixracı üzrə mütləq lider olub. Çinin bu məhsul üzrə 72,57 milyon tonluq ümumi idxalının 35,37 milyon tonunu Avstraliya tədarük edib. İxraca qadağa tətbiq olunandan sonra isə Avstraliya kömürü Yaponiya, Cənubi Koreya, Hindistan və Vyetnama yönəldi. Çinin ixrac qadağasını aradan qaldırandan sonra Avstraliya kömürünün dərhal həmin bazara qayıdacağı gözlənilmir. Bu dünya bazarında formalaşan yeni konyuktura ilə bağlıdır. Belə ki, kömür indi hamıya lazımdır və qiymətlər də hər yerdə yüksəkdir.
Yeni şəraitdən Avropa və Asiyanın qorşağında yerləşən Rusiya da yararlanmağa can atır. Sanki şimal qonşumuz illərdi məhz bu günü gözləyib. Bunu deməyə kömür sənayesinin inkişafına yönəlik investisiyalar əsas verir. Koronavirus pandemiyasına kimi 10 il ərzində Rusiyanın kömür sənayesində sabit inkişaf dövrü olub. Həmin dövr ərzində kömür hasilatı 1,3 dəfə, kömür istehsal edən müəssisələrin əsas kapitalına investisiyalar 2,5 dəfə artıb. Dünya bazarında kömürün bahalaşması fonunda Rusiya istehsal güclərini artıracağını bəyan edib. Bu Rusiyanın İqtisadiyyat Nazirliyinin sosial-iqtisadi inkişaf proqnozunda da öz əksini tapıb. Belə ki, daha əvvəl 2022-2024-cü illərdə kömür hasilatının 11,8 % azaldılacağı nəzərdə tutulurdusa sənədin yeni versiyasında hasilatın elə həmin qədər atraraq 445 milyon tona çatacağı proqnozlaşdırılır. Hökümət daha da irəli gedərək Yakutiya kömürünü ixrac etmək üçün Baykal-Amur və Trans-Sibir magistrallarına paralel olaraq yeni dəmir yolu magistralının tikilməsini təklif edib. Rusiyanın Kuzbas bölgəsindəki müəssisələr isə anbarlarda olan 16 milyon ton kömürü Qərb ölkələrinə ixrac etməyə hazır olduqlarını bəyan ediblər. Lakin şimal qonşumuzun iştahı imkanları ilə üst-üstə düşmür. Əsas problem kommunikasiyaların zəif inkişaf etməsidir.
Avropada kömürə tələbin kəskin azalmasından sonra Azov-Qara dəniz hövuzunun limanları vasitəsilə Avropaya yük daşıyan müəssisələr ixrac həcmlərini əhəmiyyətli dərəcədə azaltdı. Bəziləri Rusiyanın cənubunda liman aşırma güclərinin yaradılması üzrə investisiya layihələrində iştirakdan imtina etdilər. Bura dünya miqyasında logistikadakı yaşanan problemləri əlavə etsək Avropaya qısa bir zamanda etibarlı tədarük zəncirini formalaşdırmaq inandırıcı görünmür. Zaman isə bu məsələdə vacib amildir. Çünki Avropa bəyan etdiyi “yaşıl enerji” siyasətinə sadiqliyini nümayiş etdirərək böhranın müvəqqəti olduğunu hesab edir. Okeanın bu tayındakılar kimi o tayında olanlar da yaranmış boşluğu doldurmağa çalışırlar. ABŞ sentyabrda Çinin əsas kokslaşdırılmış kömür tədarükçüsü adını Rusiyadan ala bilib. Halbu ki, bir il əvvələ kimi bu ölkə Çinə kokslaşdırılmış kömür ixrac etmirdi. Bu ilin əvəlindən Çinə ABŞ-dan bu cür kömür ixracı 10 dəfə, Kanadadan təxminən iki dəfə artıb. Çinin daha bir iri kömür tədarükçüsü olan Monqolustan yaranmış bazar imkanlarından istəsə belə tam şəkildə yararlana bilmir. Buna səbəb COVID-19-la bağlı yeni halların olmasına görə kömürlə dolu yük avtomobillərin sərhəddən keçidinin dayandırılması olub. Hərəkət bərpa olunsa da hələ də məhdud olaraq qalır. Görünən odur ki, qarşıdakı həftələrdə və aylarda kömür bazarındakı təlatümlər səngiməyəcək.
Azərbaycan kömür tədarükçüsü olmadığı üçün və elektrik enerjisinin generasiyasında ondan istifadə etmədiyinə görə baş verənlərin bizə birbaşa təsirləri yoxdur. Lakin təbii qazın, kömürün qiymətlərinin artması digər enerji daşıyıcılarının o cümlədən neft və məhsullarının bahalaşması ilə paralel olaraq gedir. Bu isə neft qiymətlərinin ölkəmiz üçün komfortlu həddə qalacağı anlamını verir. Digər tərəfdən isə enerji daşıyıcılarının qiymətlərinin artması qlobal inflasiyanı tətikləyən vacib faktora çevrilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}