Deputat Emin Hacıyev MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçildi
Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib.
Qərar Assambleyanın Sankt-Peterburqda keçirilən on yeddinci iclasında qəbul edilib.
Göstərdikləri etimada görə görüş iştirakçılarına təşəkkür edən Emin Hacıyev Gənclər Parlamentlərarası Assambleyasının birinci iş ilinin Azərbaycan Respublikasının sədrliyi ilə keçirildiyini xatırladıb.
“Bu, parlamentlərarası qarşılıqlı əlaqənin yeni gənclik vektorunun əsasının qoyulduğu çətin və maraqlı bir dövr idi”, - deyən Hacıyev 2012-ci ildə Gənclər Parlamentlərarası Assambleyasının ilk iclaslarında fəal iştirak etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu gün MDB Gənclər Parlamentlərarası Assambleyası gənc parlamentarilərlə fəal gənclər arasında dialoq üçün unikal şərait yaradan nüfuzlu parlament platformasına çevrilib.
MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru artıq əldə edilənlərlə kifayətlənməməyə və beynəlxalq gənclər əməkdaşlığını daha da gücləndirməyə çağırıb.
“Əminəm ki, Gənclər Assambleyası Birlik ölkələrinin parlamentlərarası qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi və inkişafı üçün böyük, yaradıcı işlərə öz töhfəsini verməyə davam edəcək”, - deyə azərbaycanlı deputat bildirib.
Emin Hacıyev çıxışında ölkəni müxtəlif beynəlxalq platformalarda millət vəkili kimi təmsil etmək imkanına görə Azərbaycan Respublikasının Prezidenti, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə təşəkkürünü bildirib.
“Cənab Prezident İlham Əliyevə Yeni Azərbaycan Partiyasının sədri olaraq 2020-ci ildə parlament seçkilərinə - Azərbaycan Respublikası Milli Məclisinə namizəd olmama göstərilən yüksək etimada görə çox minnətdaram.
Bu gün gənc və yeni millət vəkilləri Azərbaycanı müxtəlif beynəlxalq platformalarda, forumlarda, konfranslarda təmsil etmək imkanına malikdirlər. Bu mənim üçün böyük məsuliyyət və yüksək etimaddır”, - deyə o qeyd edib.
Şəffaflıq.az
Facebook-da paylaş