Bu gün istənilən bölgəmizə səfər edərkən yolboyu quraşdırılan nəzir qutularına rast gəlmək olur. Lakin bu sahə ilə bağlı hələ də qaranlıq qalan bəzi məqamlar var. Nəzir qutularına toplanan ianələrin xərclənməsində sui-istifadə hallarının olduğu barədə tez-tez müxtəlif fikirlər səsləndirilir. Elə bu istiqamətdə düşüncələr də birmənalı deyil. Bir qism nəzir qutularının ümumiyyətlə ləğv edilməsinin tərəfdarı olsa da, digərləri buna kəskin etiraz edir.Şəffaflıq.az xəbər verir ki,mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Sfera.az-a danışarkən dünyanın ayrı-ayrı ölkələrində bununla bağlı konkret təcrübələrin olduğunu deyib:
"Bu təcrübə ondan ibarətdir ki, bir sıra hallarda həmin nəzir qutularına atılan pullar məscidin idarə olunmasına sərf olunur, bir sıra hallarda isə, imkansız ailələrə xərclənir. Hətta bəzi ölkələrdə və eləcə də, Türkiyədə nəzir verən insanlara əlavə olaraq da qəbz verilir – bir nüsxəsi nəzir verən şəxsdə, bir nüsxəsi isə qəbul edən tərəfdə saxlanılır və bu, nömrələnmiş çeklər olur.
Hesab edirəm ki, bu mexanizmi biz də ölkəmizdə tətbiq edə bilərik. Cəmiyyətimizdə bu məsələ ilə bağlı uzun illərdir müəyyən suallar var. Ola bilsin ki, həqiqətən o nəzirlər məscidlərin idarə olunmasına sərf olunur. Amma fikrimcə, insanlarımızda dəqiq məlumatların olması, yanlış təsəvvürlərin yaranmaması üçün bu barədə ciddi şəkildə düşünməli və şəffaf mexanizmlər üzərində işləməliyik”.
Müsahibimiz qeyd edib ki, nəzirlərin xərcləndiyi yerlər barədə geniş məlumat verilmədiyi üçün insanlar özlərindən müəyyən fikirlər yürüdürlər:
"O baxımdan aylıq davamlı hesabların təqdim olunması və ictimaiyyətin məlumatlandırılması ümumi işin xeyrinə ola bilər. Eyni zamanda bu, insanlarda bir sıra hallarda yaranmış təsəvvürlərin də aradan qalxmasına təkan verər”.
Şəffaflıq.az
Facebook-da paylaş