“Brussels Morning” ermənilərin Qarabağda minaladığı ərazilərdən yazdı
“Brussels Morning” xəbər portalında “Dünyanın ən çox minalanmış bölgəsi olan Qarabağda mülki şəxslər arasında itkilər artmaqdadır” sərlövhəli məqalə dərc olunub.
Şəffaflıq.az xəbər verir ki, müstəqil jurnalist Boyan Stoykovskinin qələmə aldığı məqalədə Qarabağ münaqişəsi başa çatandan sonra hələ də qalmaqda olan minalanmış ərazilər problemi və iyunun 4-də azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirməsinə diqqət çəkilir. Qeyd edilir ki, Qarabağ dünyada ən çox minalanmış bölgələrdən biri hesab olunur. İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki azərbaycanlı jurnalist - Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də yerli icra nümayəndəsi Arif Əliyev həlak olub, digər dörd nəfər isə yaralanıb.
Məqalədə bildirilir ki, təxminən 30 illik erməni işğalından sonra Kəlbəcər və digər ərazilər 44 günlük müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad edilib. Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq, erməni qüvvələri noyabrın 15-dək Kəlbəcəri boşaltmalı idilər. Lakin rəsmi Bakı humanitar səbəblərdən bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi.
Bu 10 günlük zaman kəsiyində erməni tərəfinin rayonu kütləvi şəkildə minalayıb.
Yazıda bildirilib ki, erməni silahlı qüvvələri müharibə zamanı döyüş mövqelərini təmin etmək üçün yollardan istifadə edərək geri çəkildikləri ərazilərdə mina basdırıblar. Qeyd olunub ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini ləngitmək üçün demək hər yerdə minalardan istifadə edib.
Müəllif bu yaxınlarda erməni polkovnik Koryun Qumaşyanın yerli televiziya kanallarına açıqlamasında bir müddət əvvəl Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina yerləşdirdiyini bildirməsini də diqqətdən qaçırmayıb. Qeyd edilir ki, minalar bölgədə yaşayan və öz torpaqlarına geri qayıdacaq insanlar üçün təhlükə yaradır və bölgədəki onsuz da həssas humanitar vəziyyətin daha da pisləşməsinə yol açır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılan ərazilərdə çoxlu sayda insanın həlak olduğu və müxtəlif növ xəsarət aldığı qeyd edilir.
Məqalədə diqqətə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının məlumatına görə Qarabağda minalar səbəbindən 120-dən çox insan həyatını itirib. Lakin son hadisələr bu sayın artması ehtimalını yüksəldir. Qeyd olunur ki, yerli və beynəlxalq qurumlar, dövlət rəsmiləri Ermənistandan mina xəritələrini təqdim etməyi tələb edirlər. Lakin indiyədək erməni tərəfi minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir, bəziləri isə bu cür xəritələrin olmadığını bildirir və bu, vəziyyəti daha da çətinləşdirir.
Diqqətə çatdırılır ki, ərazilərin minalardan təmizlənməsində Azərbaycanla yanaşı Türkiyə və Rusiya, eləcə də digər ölkələr yaxından iştirak edirlər.
Lakin erməni tərəfi mina xəritələrini verməsə, bu proses daha uzun müddət davam edə və bunun üçün yüksək maliyyə vəsaiti lazım ola bilər.
Sonda vurğulanır ki, ərazilərin minalardan təmizlənməsi prosesi ilə yanaşı, Qarabağın uzun illər ermənilər tərəfindən məhv edilmiş
infrastrukturunun bərpası da mühüm məsələlərdəndir.
Facebook-da paylaş