ABŞ dövlət katibi Rusiyanı hədələdi
“Rusiyanın Birləşmiş Ştatlara, həmçinin onun müttəfiqlərinə aqressiv və ağılsız hər hansı bir hərəkəti anında cavabını görəcək”.
Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər ABŞ dövlət katibi Entoni Blinken tərəfindən “Axios” saytına verdiyi müsahibədə səslənib.
ABŞ Dövlət Departamentinin rəhbəri bununla bu yaxınlarda böyük şirkətlərə qarşı həyata keçirilən kiberhücumlarla bağlı yaranan situasiyaya şərh verib. Onun sözlərinə görə, ABŞ Rusiya ilə sabit münasibətlərin tərəfdarı olsa da, sərt tədbirlər görməkdən çəkinməyəcək.
ABŞ mətbuatı rəsmi Vaşinqtonun kiberhəmlələrə cavab olaraq artıq müdafiə mövqeyindən çəkilib virtual hücum əməliyyatlarına start verəcəyi barədə yazır. Bu xüsusilə Birləşmiş Ştatların ət istehsalı ilə məğul olan “JBS” və bpru-kəmər operatoru “Colonial Pipeline” firmasına edilən hücumlardan sonra gündəmə gəlib. “JBS” şirkəti dünyada ən böyük ət istehsalçısı sayılır. Bu ilin 30 mayında mərkəzi serverinə edilən müdaxilə nəticəsində firmanın bütün fəaliyyəti dayanıb. FTB buna görə Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu söylənilən “REvil” və “Sodinokib” servislərinin məsuliyyət daşıdığını bildirib.
Bu ilin may ayının əvvəlində isə hakerlər xüsusi virusun köməyi ilə “Colonial Pipeline” korporasiyasının işini iflic ediblər. Buna görə şirkət milyonlarla dollarından keçməli olub. Mətbuat bu işdə də Rusiya hərbi kəşfiyyatına bağlı “DarkSide” qrupunun əli olduğunu yazıb.
Facebook-da paylaş