ABŞ-da “Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçirilib
Şəffaflıq.az xəbər verir ki, layihə azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqin təşəbbüsü və ABŞ-da fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin dəstəyi ilə reallaşıb.
C.Cavadova-Spitzberq bildirib ki, layihənin məqsədi müxtəlif təşəbbüslər, bədii proqramlar vasitəsilə Qarabağda sülhün bərqərar olmasına, dinc həyatın bərpasına dəstək verməkdən ibarətdir: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı sənətkarlar, musiqiçilər, yazıçılar, şairlər və Azərbaycanın dostları İkinci Qarabağ müharibəsindən təsirlənərək, "Qarabağ uğrunda" həmrəylik cəmiyyətini yaradıblar. Məqsədimiz dünyada Azərbaycanın səsi olan sənətçilərimizlə əl-ələ verib, harada olmağımızdan asılı olmayaraq, Vətənimizə xidmət etməkdir. Xeyriyyə konsertinin məqsədi 44 günlük müharibə nəticəsində travma almış əsgərlərin sinir pozğunluğuna, depressiyaya məruz qalmış insanlara yığılan ianələr vasitəsilə yardım göstərməkdir. Bununla yanaşı, Qarabağdakı mədəni irsimizin dirçəlişinə də yardım ediləcək. Keçirilən konsertdən yığılan ianələr isə “For Azerbaijan” xeyriyyə təşkilatı vasitəsilə öz ünvanlarına çatdırılacaq”.
C.Cavadova-Spitzberq deyib ki, poqramın həyata keçirilməsinə ABŞ-da və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları birlik nümayiş etdiriblər.
Facebook-da paylaş