"Facebook" Venesuela prezidentinin hesabını dondurdu
"Facebook" COVID-19 haqqında yalnış məlumat yayılmasına qarşı siyasəti pozduğuna görə Venesuela prezidenti Nikolas Maduronun sosial şəbəkədəki hesabını dondurub.
Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Facebook"un sözçüsü məlumat verib.
O bildirib ki, Venesuela prezidenti rəsmi "Facebook" hesabında yanvar ayında video paylaşıb. Bu videoda prezident Maduro kəklikotu bitkisindən istehsal olunan "Carvativir" dərmanının heç bir yan təsir buraxmadan yeni növ koronavirus infeksiyasını təsirsiz hala gətirən "möcüzə" kimi xarakterizə edib, lakin bu iddia həkimlər tərəfindən təsdiqlənməyib.
"Ümumdünya Səhiyyə Təşkilatı hazırda bu virusu müalicə edəcək bir dərman olmadığını söyləyir və biz bu siyasəti izləyirik.
Qaydalarımızı dəfələrlə pozduğu üçün prezidentin səhifəni 30 gün ərzində dondururuq", - "Facebook"un sözçüsü deyib.
O əlavə edib ki, bu barədə Maduro Administrasiyası artıq məlumatlandırılıb.
"Facebook" rəsmisi bildirib ki, bu məhdudiyyət Venesuela prezidentinin "Instagram" hesabına tətbiq olunmur.
Facebook-da paylaş