BBC işğaldan azad olunmuş ərazilərimizdən süjet hazırladı - Fotolar
“BBC” telekanalının müxbiri Conah Fişer ikinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərindən süjet hazırlayıb.
Şəffaflıq.az xəbər verir ki, süjetdə Ermənistanın 30 ildir işğal altında saxladığı torpaqları Azərbaycanın müharibə nəticəsində azad etdiyi vurğulanıb. Reportajda Azərbaycanın etnik ermənilərin bu torpaqlarda yaşamasını xoş qarşıladığı, lakin Ermənistanın Azərbaycanın tarixi-dini abidələr, o cümlədən kilsələr də daxil olmaqla mədəni irsini məhv etdiyi bildirilib.
Süjetdə, həmçinin azərbaycanlı bir ailənin 28 ildən sonra doğma yurdlarına gedərək evlərinin qalıqlarının tapdıqları göstərilib. Qeyd olunub ki, azərbaycanlı bu ailə öz evlərindən 1993-cü ildə çıxarılıb. Azərbaycanın müharibədə Qələbəsindən sonra onlar geri qayıdırlar. Ailə üzvü Rasim atasının məzar daşının qalıqlarını axtarır. Əli isə dörd yaşlı qızı ilə telefonla danışarkən onu da bu ərazilərə gətirmək istədiyini söyləyib.
BBC-də yayımlanan süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlı fikirləri diqqətə çatdırılıb. Prezidentin köməkçisi müxbirin Füzuli və Cəbrayıl rayonlarında dağıntıların səviyyəsini gördüyünü qeyd edib, Azərbaycanın səkkizdən çox şəhərinin dağıdıldığını və bu ərazilərin Xirosimanı xatırlatdığı, sanki nüvə silahından istifadə edildiyini deyib.
Müxbir süjetdə, həmçinin Azərbaycanın əhalisinin əvvəllər yaşadığı ərazilərin işğal dövründə xarabalığa çevrildiyini qeyd edib.
BBC-nin müxbiri daha sonra Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ilə görüşündə ermənilərin törətdikləri ilə bağlı yəqin ki Azərbaycandan üzr istəyəcəkləri barədə nazirə sual ünvanlayıb. Lakin erməni nazir əsassız arqumentlərlə bu sualdan yayınmağa çalışıb.
Facebook-da paylaş