İraq qəzetində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə dərc olunub




İraqda geniş oxucu kütləsinə malik olan “Əl-Mürabiq əl-İraqı” qəzetində Misirdəki səfirliyimizin əməkdaşı Emil Rəhimovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabı haqqında məqalə dərc olunub.
Şəffaflıq.az AZƏRTAC-ca istinadən xəbər verir ki, məqalənin müəllifi doktor Mutəz Muhy Əbdülhəmid kitabın əhəmiyyəti barədə fikir söyləyərək yazır: “Deyirlər ki, hər hansı millətin tarixini anlamaq istəyirsənsə, milli ideyanı öz siyasətində, cəmiyyətin həyatında əsas elementə çevirmiş dövlətin keçdiyi tarixi mərhələlərə nəzər yetirməlisən. Emil Rəhimovun bu yaxınlarda işıq üzü görmüş fundamental tədqiqatı məhz bu qəbildəndir”.
Məqalədə deyilir ki, müəllif Azərbaycan xalqının və dövlətinin formalaşması tarixini araşdırıb, Azərbaycan xalqının etnogenezinin bir sıra aspektlərini yeni prizmadan işıqlandırıb, milli ideyanın formalaşmasının mərhələlərini aydın təsəvvür etmək, dərindən anlamaq üçün ilk dəfə olaraq antropoloji tədqiqat metoduna üstünlük verib. Vurğulanır ki, kitabda Azərbaycan xalqının milli ideyasının formalaşmasının ən mühüm mərhələləri araşdırılır, XIX-XX əsrlərdə, sovet dövründə, xalqın milli eyniliyinin məhvinə cəhdlərin olduğu vaxtda Azərbaycanda milli ideyanın formalaşması mənbələri öyrənilir.
Mutəz Muhy Əbdülhəmid yazır ki, E.Rəhimov kitabında ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni tərəqqisi naminə fəaliyyətinə işıq salır və milli ideyaların reallaşmasında bu dahi şəxsiyyətin tarixi rolunu unutmamağa çağırır. “2003-cü ildə başlanmış yeni inkişaf mərhələsi bu gün dövlət tərəfindən ölkənin hərtərəfli modernləşməsinə nail olmaq üçün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın insan kapitalının yaradılması elmin ən yeni nailiyyətlərinin, ən yeni texnologiyaların və yeni idarəçilik metodlarının tətbiqinə əsaslanır və bu hədəfə yönəlib”, - deyə məqalə müəllifi kitabdan sitat gətirir.
Məqalənin sonunda qeyd olunur ki, bu tədqiqat əsəri tarixçilər, sosioloqlar, politoloqlar, eləcə də humanitar elmlər sahəsində son yenilikləri izləyən insanlar, sosial inkişaf nəzəriyyələri ilə maraqlananlar üçün dəyərli mənbədir


      Şəffaflıq.az
 



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}