QƏRBLƏ RUSİYA ARASINDA BÖYÜK SAVAŞ TƏHLÜKƏSİ ARTIR
"Hər hansı bir səhv üzündən nüvə zərbəsinin endirilmə riski artıb"
“Diplomatlar və hərbi ekspertlər Qərblə Rusiya arasında müharibənin başlanması təhlükəsi barədə xəbərdarlıq edirlər”
Məlum olduğu kimi, son illər Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlərin gərginliyi artır. Qərb dünyası demək olar ki, özünün güclü hərbi bloku NATO vasitəsilə Rusiya sərhədlərinə qədər yaxınlaşıb. Rusiya bunu heç cür həzm edə bilmir və adekvat tədbirlərə əl atır. Moskva Çinlə anlaşaraq, ixtiyarındakı ən güclü silah arsenalını və hərbi kontingenti ölkənin qərb hissəsinə, daha doğrusu Şərqi Avropaya yaxın yerlərə cəmləyir.
Nüvə potensalına malik Rusiya ilə münasibətlərin daha da kəskinləşməsindən narahat olan Qərbdəki müəyyən dairələr isə mövcud vəziyyətin yumşaldılmasına çalışırlar. Elə bu səbəbdən də bir çox tanınmış politoloqlar,diplomatlar və hərbi ekspertlər narahatlıqlarını açıq şəkildə ifadə etmək üçün Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinə məktub ünvanlayıblar.
Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın “Forbes” nəşri “Diplomatlar və hərbi ekspertlər Qərblə Rusiya arasında müharibənin başlanması təhlükəsi barədə xəbərdarlıq edirlər” başlıqlı məqalə dərc edib. Yazıda “The Times” qəzetinə göndərilən məktub müəlliflərinin fikirləri şərh olunur.
Həmin məqaləni təqdim edirik:
”Londonun “The Times” qəzetinə məktub yollayan yüksək vəzifəli diplomatlar və hərbçilər ölkələrinin hərbi münaqişəyə qoşulacaqlarından bərk narahat olduqlarını ifadə ediblər.
Məktub müəllifləri xəbərdarlıqla bildirirlər ki, Rusiya və Qərb arasındakı münasibət “soyuq müharibə” bitəndən sonra heç zaman bu cür aşağı səviyyədə olmayıb. Onlar deyirlər ki, son 30 il ərzində bizim hamımızın təhlükəsizliyini təmin edən müqavilə ya artıq işləmir, ya da ki, tamamilə köhnəlib. Bu, ayrıca götürülmüş hansısa təlaşa qapılmışların fikrləri deyil.
Bunlar aparıcı siyasətçilərin, diplomatik nümayəndələrin və Rusiya ilə Qərb arasındakı münasibətləri izləyən zəngin təcrübəyə malik hərbi ekspertlərin gəldikləri nəticədir. Həmin şəxslərin sözləri ona görə əhəmiyyətlidir ki, onlar müxtəlif düşərgələrdən olan nümayədələrin çox nadir fikir birliyini ifadə edirlər.
Məktub müəllifləri qeyd edirlər: ”Rusiya və Qərb ekspertləri təhlükəsizlik məsələləri ilə bağlı nadir hallarda dialoq qurur və bir-birilərilə çox az qarşılıqlı təmasda olurlar”.
“European Leadership Network” analitik mərkəzinin saytında dərc olunmuş geniş həcmli məqalədəki məsələlər həmin məktubda qısa şəkildə ifadə edilib. Sözügedən məqalədə yeddi əsas təkilf irəli sürülür. Orada “Rusiya və NATO arasındakı dialoqun bərpası, təhlükəli hərbi fəaliyyətlərə yol verilməməsi və xüsusi əlaqə kanallarının təmini üçün şəfaflığın artırılması yoluyla sabitliyin möhkəmləndirilməsi” təklif edilir.
Bu sənədi 20 ölkənin hərbi, diplomatik və təhlükəsizlik sahəsi üzrə tanınmış ekpspertləri imzalayıblar. Onların arasında ABŞ-dan Strob Talbott, Aleksandr Verşbou, həmçinin NATO-nun keçmiş baş katibi Corc Robertson da var. Bu, Rusiya və Qərb arasındakı münasibətlərin ciddi və potensial təhlükəli səviyyəyə gəlib çatması barəsində mütəxəssislərin geniş konsensusa gəldiyini təsdiqləyir.
“Soyuq müharibə”nin son dönəmlərində insanları ən şox qorxudan şey, hər hansı bir səhv üzündən nüvə zərbəsinin endirilə biləcəyi idi. İndi bu təhlükələr özünü müasir formada təzahür etdirir. Belə ki, istər quruda, istər havada və ya istərsə də dənizdə baş verə biləcək hər hansı qəsdən törədilməyən əməlin meydana gəlməsi riskinin azaldılması üçün ümumi qaydalar hazırlanmalıdır.
“Soyuq müharibə”dən sonra Qərblə Rusiya arasındakı münasibətlərə ən ciddi zərbəni Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsi vurmuş oldu. Bu hadisənin ardınca Qərb Rusiyaya qarşı iri miqyaslı sanksiyalar tətbiq etdi. Rusiya dünyanın aparıcı sənaye ölkələrinin klubundan – “səkkizlər qrupu”ndan çıxarıldı. O vaxtdan indiyədək Rusiya bəyan edir ki, hətta onu “Böyük səkkizliyə” dəvət etsələr də, onlar bir daha bu qrupa qayıtmayacaqlar.
Krımın zəbt olunmasından sonra meydana gəlmiş gərginlik hələ də davam edir. Vaxtilə məcburi şəkildə Sovet İttifaqına daxil edilmiş, indisə NATO üzvü olan Latviya, Litva və Estoniyada Rusiyanın silahlı yolla onların daxili işlərinə qarışması ehtimalından danışırlar.
Rusiya isə NATO qüvvələrinin Baltik ölkələrində güclənməsinə cavab olaraq, Kalininqrad vilayətindəki hərbi birləşmələrinin sayının artırılmasını planlaşdırır.
Şəffaflıq.az bildirir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.”
Facebook-da paylaş