Ermənistanın yalvarışları heç bir nəticə vermir - “Qarabağın tanınması Rusiya və AB üçün çox zərərlidir”


 

Qarabağ cəbhəsində günbəgün yeni məğlubiyyətlər alan Ermənistan vəziyyətdən çıxış yolu axtararkən qondarma “DQR”-in tanınması xahişilə dünyanın aparıcı ölkələrinə müraciətlər edir. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı da bir çox dünya ölkələri rəhbərlərinin xanımlarına müraciət edərək, onlardan qondarma rejimin tanınmasına kömək etmələrini xahiş edib.

Şəffaflıq.az "Azpolitika.info"-ya istinadən xəbər verir ki, Rusiyanın “Nezavisimaya Qazeta” dərgisində Ermənistanın “DQR”-in tanınması istəyinə dünya ölkələrinin, o cümlədən Rusiyanın münasibətini əks etdirən yazı dərc olunub. “Qarabağın müstəqilliyinin tanınması məsələsi Rusiya və AB üçün çox zərərlidir” başlıqlı məqalədə deyilir ki, dəfələrlə bu addımın mümkünlüyünün anonsunu verən Ermənistanın özü belə qondarma rejimi tanımağa cəsarət etmir: “Qarabağda vəziyyət gərgin olaraq qalır. Ona görə də İrəvan diplomatik oyunda dönüş etmək üçün son imkana əl atır. 

Lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını nəzərdə tutan bu cəhd həm Avropa Birliyindəki, həm də Rusiyadakı siyasətçilər üçün çox ziyanlıdır.”

Qəzet yazır ki, İrəvan uzun illərdir “DQR”-in tanınması üçün beynəlxalq hüququn imkan yaratdığı hər hansı bir rəsmi əsas tapmağa çalışsa da, buna nail ola bilmir: “Bu zaman İrəvan rəsmiləri heç cür izah edə bilmirlər ki, BMT-nin Azərbaycanın ərazilərinin 20 faizinin işğal edildiyini bəyan etməsinin qarşılığında bunu etmək nə dərəcədə mümkündür?”

Qəzet yazır ki, Ermənistanın “DQR”-in müstəqilliyini tanıması onun avtomatik olaraq danışıqlara son qoyması, ATƏT-in Minsk Qrupunun uzun illərdir davam edən sülh prosesindən geri çəkilməsi demək olar. Bu, həm də dünyanın digər nöqtələrindəki oxşar problemlərin həllində danışıqlar prosesinin əhəmiyyətsizliyi barədə mənfi presedent yaradar. Müəllif bildirir ki, bu addım münaqişəni tənzimləməyə çalışan böyük dövlətlərin səylərinin üzərindən xətt çəkə, Rusiyanı və Avropa Birliyi ölkələrini də qıcıqlandıra bilər: “Bu addım təkcə sülh danışıqlarının perspektivini deyil, ümumilikdə ATƏT-in Minsk Qrupunun mövcudluğunu mənasız edir. Moskva var gücü ilə Qərbə təkcə “dondurulmuş münaqişələr” yaratmağı deyil, onları çözməyi də bacardığını sübut etmək istərkən daha bir “tanınmamış oyunçu”nun peyda olması onu göstərəcək ki, Moskva situasiyaya nəzarət edə bilmir”.

Avropa Birliyinə gəlincə, qəzet yazır ki, “DQR”-in tanınması onun da planlarına və prinsiplərinə qəti uyğun deyil: “”DQR”-in tanınması beynəlxalq razılaşmalara və uzun illər davam etdirilən danışıqlar prosesinin ləğvinə səbəb olar. Həmçinin, Avropa Birliyini Qarabağ münaqişəsinin həllinə getdikcə daha çox ölkənin cəlb olunması olduqca qıcıqlandırır. Məsələn, Yunanıstanın”.

Müəllif qeyd edir ki, Yunanıstanın “Türk təhlükəsi” adı altında Türkiyəyə qarşı Avropa Birliyinin sanksiyalarına nail olmaq cəhdi uğursuz alınıb və qurumun narazılığına səbəb olub: “Ona görə də, Dağlıq Qarabağın tanınması fikri Avropa Birliyinin bütün sistem oyunçuları üçün olduqca xoşagəlməz haldır”.

Qəzet sonda bildirir ki, indi Qarabağda vəziyyət tamamilə dəyişib və Azərbaycan öz torpaqları üzərində tam nəzarəti ələ keçirməyənədək dayanmayacaq. Ona görə də qondarma rejimin tanınması ilə bağlı çağırışlar Ermənistanın gözlədiyi nəticəni verməyəcək.

Xatırladaq ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəllidir. Azərbaycan Prezidenti ölkəmizin qondarma rejimi tanıyan istənilən ölkə ilə diplomatik münasibətləri dərhal kəsəcəyini bəyan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}