Prezidentdən dünyaya qəti ismarıc – sülh üçün haqlı mövqeyimiz dəyişməyəcək...


 

Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentinə atəşkəs xahişi üçün zəng etməzdən əvvəl Ermənistanı işğal altındakı əraziləri azad etməyə razı salmalı, yalnız bundan sonra cənab İlham Əliyevə telefon açmalıdırlar

Sentyabrın 27-də ermənilərin növbəti təxribatına və hücumuna cavab verən Azərbaycan Ordusu əks-hücuma keçib və işğalçıya sarsıdıcı zərbə vurub, torpaqlarımızın bir hissəsini işğaldan azad edib.

Faktiki olaraq erməni ordusu darmadağın edilir, Ermənistan dövləti çıxılmaz durumdadır. Baş nazir Paşinyan atəşkəsə nail olmaq üçün ağlına gələn hər kəsdən imdad diləyir ki, dünya ölkələrinin rəhbərləri Azərbaycan Prezidentinə zəng etsinlər, atəşkəs xahişi etsinlər.

İndiyədək bir neçə ölkənin prezidenti Cənab İlham Əliyevə telefon açıb. Rəsmi açıqlamalardan da bəlli olur ki, Azərbaycan Prezidenti onların hamısına qısa ifadə etsək, atəşkəsdən yalnız Azərbaycan torpaqları işğaldan azad edildikdən, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa edildikdən sonra söhbət gedə biləcəyini deyib!

Bu müddət ərzində Ermənistan daha çox Fransa prezidenti Emmanuel Makrona ümid edirdi. Hansı ki, Makron bu müddət ərzində hətta həmsədrlik prinsiplərini pozaraq, açıq şəkildə ermənipərəst mövqe tutan açıqlamalar vermişdi. Buna görə Azərbaycandan kifayət qədər sərt təpkilər də aldı, hətta Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Fransa artıq Azərbaycan tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr kimi tanınmır” bəyanatını verdi.

Oktyabrın 2-də isə Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi...


Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Prezident İlham Əliyevin dediklərindən anlaşılan odur ki, kimin zəng etməsindən, hansı xahişi etməsindən asılı olmayaraq, Azərbaycan öz haqlı mövqeyində qətidir, prinsiplər heç bir halda dəyişə bilməz!

Çünki Azərbaycan haqq işi aparır. Kənar təsirlərlə haqq işi əlbəttə dayanan deyil. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib, bütün siyasi təşkilatlar da dəstəyini ifadə edib, Şanlı Ordumuz da haqq işimizi qələbə ilə başa çatdırmaq əzmində, gücündədir! 


Azərbaycan yalnız bir şərtlə atəşkəsə, danışıqlara razıdır: İşğal altındakı ərazilərimiz azad edilsin, yalnız bundan sonra atəşkəsdən, sülhdən danışmaq olar!

Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev məşhur “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində bir daha diqqətə çatdırıb.

Həmin müsahibədə Prezident İlham Əliyev çox açıq danışıb, eyni zamanda dünyaya, beynəlxalq ictimaiyyətə qəti ismarışlarını çatdırıb, Azərbaycanın haqlı mövqeyinin dəyişməz olaraq qalacağını bəyan edib.

Prezidentdən konkret sitatlar:

- “Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır”;

- “Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”;

- “Onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq”.

Çox aydın, qəti və milli, dövləti maraqları özündə ehtiva edən mövqedir, bəyanatdır.

Ekspertlər, təhlilçilər hesab edir ki, dünyaca məşhur telekanalda yayımlanan bu müsahibədən, mövqedən sonra dünya ölkələrinin liderləri Azərbaycan Prezidentinə atəşkəs xahişi üçün zəng etməzdən əvvəl Ermənistanı işğal altındakı ərazilərimizi azad etməyə, tam boşaltmağa razı salmalı, yalnız bundan sonra cənab İlham Əliyevə telefon açmalıdırlar...


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}