Yaxın zamanda əfv və ya amnistiya ola bilər

 

Əfv Komissiyasının  üzvü Əliməmməd Nuriyev: “Həbsxanalarda sıxlığın aradan qaldırılması üçün atılan addımların sırası durmadan genişlənir”

Cəbhədə nə qədər gərginlik olsa da, koronavirus təhlükəsi səngiməsə də, ölkəmizdə əfv mövzusu da aktuallığını saxlayır. 

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev dedi ki,  bu ilin aprel ayında əfv sərəncamı imzalanıb. “Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda risk qrupuna daxil olan məhkumlar nəzərə alındı. 176 nəfər əfv olundu. Bu yüksək risk qrupuna daxil olan şəxslərin 80%-dən artığı idi. Vaxtından əvvəl şərti azadetmə institutunun tətbiqi də hazırda genişlənməkdədir. Artıq 1000-dən çox şəxs bu pandemiya dövründə vaxtından əvvəl azad edildi, yaxud cəzaları yüngülləşdirilərək azadlığa çıxdılar. Bu, mühüm addımlardan biri idi. Cinayət Məcəlləsinə bilirsiniz ki, 200-dən artıq dəyişiklik olundu. Bununla yenə də çoxsaylı məhbus cəzadan azad olunur. Cəzaların humanistləşdirilməsi istiqamətində addımlar atılır. Şəxslər barəsində həbs-qətimkan tədbirləri demək olar ki, dəfələrlə azaldılıb. Ev dustaqlığı, başqa yerə getməmə kimi qərarlar daha çox verilir. Həbsxanalarda sıxlığın aradan qaldırılması üçün atılan addımların sırası durmadan genişlənir. Mütəmadi olaraq bu proseslər davam edir”.


Hüquqşünas bir vacib məqama da toxundu: “Ölkə başçısı dəfələrlə deyib ki, heç kim siyasi baxışlarına görə təqib oluna bilməz. Biz onu da görürük ki, bir çox şəxslər təxribat xarakterli davranışlara yol verirlər. KİV-lər və sosial şəbəkələr vasitəsilə təhqirlər yağdırırlar. Bəzi qüvvələr də var ki, kənardan ölkəmizə təsir etməyə çalışırlar. Həmin qüvvələr də daxildə bəzi qruplardan istifadə etməyə çalışırlar. Cənab Prezident hər bir ölkə vətəndaşına qucaq açır. Amma o şəxslər ki, təxribatlara yol verirlər, ölkəmizin milli maraqlarına zidd hərəkətlər edirlər, cinayət xarakterli əməllərə əl atırlar, onlar hər kəs kimi məsuliyyət daşımalıdır. Azərbaycan vətəndaşlarının Bakıda orduya dəstək aksiyasında vətənpərvər insanların hərəkətlərinə kölgə salmağa çalışdılar, təxribatlara yol verdilər. Heç nədən parlamentin binasına daxil olaraq, oranı tar-mar etməyə çalışdılar. Eyni zamanda polis maşınını aşırdılar, bəziləri polislərə hücum etdilər. Belə şəxslər, əlbəttə, məsuliyyətə cəlb olunmalıdırlar. Prezident son çıxışında bu məqamlara toxundu. Amma bəzi qruplar meydana çıxıb deyəcək ki, insanlar sərbəst toplaşmaq azadlığından istifadə etdikləri üçün həbs edildilər. Burada indi hansı azadlıqdan söhbət gedir? Dövlət əmlakını zədələyirsənsə, qanunsuz məhv edirsənsə, dövlətə əl qaldırırsansa, səninlə necə davranılmalı? Sosial şəbəkələrdə üfunətli fikirlər səsləndirirlər. ”Beşinci kolon"dur, nə bilim neçənci kolondur, bunların üzvləri ən çətin zamanlarda belə xaricdəki havadarlarının sifarişi ilə bu cür hərəkətlərə yol verirlərsə, onlarla sərt formada rəftar olunmalıdır. Onlar məsuliyyətə mütləq cəlb olunmalıdırlar. Onların gələcəkdə nə cür adlandırılmaları bizim üçün az əhəmiyyətlidir. Zaman-zaman “siyasi məhbus” siyahılarını genişləndirməyə cəhdlər olub, yenə də olacaq. Mütləq fikirləşib nəsə tapacaqlar".


Ə.Nuriyev amnistiya barədə düşünməyin lazım olduğunu hesab edir: “Pandemiya şəraitində bu barədə düşünmək olar. 


Bu barədə zaman-zaman mövcud şəraitə uyğun fikirlər, təkliflər irəli sürülüb. Dövlət başçısı tərəfindən daim adekvat reaksiyanın şahidi olmuşuq. Yaxın gələcəkdə əfv də, amnistiya da ola bilər. Cəzaların humanistləşdirilməsi istiqamətində fəaliyyət göstərən institutlar tam olaraq fəaliyyətdədir. Hazırda əsas vacib olan məsələ erməni işğalının aradan qaldırılmasıdır. Eyni zamanda koronavirusun qarşısını almaq üçün böyük işlər gedir”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}