Vuçiç Azərbaycan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Şəffaflıq.az xəbər verir ki, Serbiya Prezidenti Azərbaycan səfirinə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında yaxın münasibətlərin və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkür edib. Görüş çərçivəsində tərəflər son illərdə əldə olunan nəticələri, xüsusilə intensiv siyasi dialoqu, güclü iqtisadi əlaqələri, energetika və nəqliyyat infrastrukturu sahələrində əldə edilən irəliləyişi nəzərdən keçirib. Həmçinin iki ölkəni daha da yaxınlaşdıran, ticarət dövriyyəsinin artırılması və yeni investisiyalar üçün imkanlar yaradan layihələr müzakirə olunub. A.Vuçiç vurğulayıb ki, Prezident İlham Əliyevlə qurduğu etimada əsaslanan münasibətlər Serbiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın gələcək inkişafına xüsusi təkan verir. Diqqətə çatdırılıb ki, Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilir. "Biz bu mövqeyi unutmuruq, çünki uzunmüddətli və etibarlı münasibətlər məhz qarşılıqlı hörmət və beynəlxalq hüquqa ehtiram əsasında qurulur. Səfir Xasiyevin ölkəmizdə fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlığı, səmimiyyəti və əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir, ona gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıram", - deyə Serbiya Prezidenti əlavə edib.
Facebook-da paylaş








