Gürcüstanda 21 yaşlı azərbaycanlının qətli ilə bağlı bir nəfər saxlanılıb
Ötən gün Gürcüstanın Marneuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş kişi qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. İstintaqla müəyyən edilib ki, aprelin 2-də Marneulidə əvvəlcədən mövcud olan narazılıq zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Ağır yaralanan şəxs xəstəxanaya aparılarkən həyatını itirib. Məlumata görə, 21 yaşlı Ümid Bayramov cəmi bir həftə əvvəl ailə həyatı qurmuşdu. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır. Bu maddə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Facebook-da paylaş








