"Semaşko" xəstəxanasında MÜƏMMA - 87 min manat kimə verilib?

 

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

Dünən - 22 noyabr 2019-cu il tarixində "Universal Business Company" MMC (VÖEN-1306393881) adlı şirkət Kliniki Tibbi Mərkəzin ("Semaşko" xəstəxanası) elan etdiyi kotirovka sorğusunun qalibi elan olunub.

Şəffaflıq.az "yeniavaz.com"-a istinadən bildirir ki, Kliniki Tibbi Mərkəz "Universal Business Company" MMC -yə  dəftərxana, təsərrüfat, mətbəə, idarə xərcləri üçün 87 min 375 manat vəsait ödəyəcək.

Kliniki Tibbi Mərkəz və "Universal Business Company" MMC arasındakı bu əməkdaşlıqda diqqət çəkən məqam odur ki, bu şirkət cəmi 19 gün əvvəl -  4 noyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Kliniki Tibbi Mərkəz kotirovka sorğusunu noyabr ayının 13-də elan edib. Belə görünür ki, şirkət sorğunun elan olunmasından cəmi 9 gün əvvəl qeydiyyata alınıb. Bu ayın 9-u,10-u və 11-i tarixləri qeyri iş günü olduğundan adı çəkilən şirkətin kotirovka sorğusunda iştirakı üçün 6 gün zamanı olub.

Maraqlıdır ki, yeni yaranan şirkət "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsinin, yəni ixtisasa dair tələbləri necə təmin edib?
 
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 6 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qeyd edək ki, nizamnamə kapitalı 5 manat olan "Universal Business Company" MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Parlament pr., ev 2B, m 77-də yerləşir. Şirkətin qanuni təmsilçisi  Mübariz Məmmədov Elman oğludur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}