Danimarkadan olan səyahətçi: “Azad olunmuş ərazilərdəki dağıntıların miqyası məni şoka salıb”


“Qarabağda böyük bərpa işləri aparılır və insanlar bir zaman didərgin düşdükləri doğma torpaqlarına, evlərinə qayıda biləcəklər”.

Bunu  beynəlxalq səyahətçilər qrupunun tərkibində Qarabağda və Şərqi Zəngəzurda olan danimarkalı səyahətçi Maqnus Zayersen Nilsen deyib.

“Şuşaya səfər etdik, istehkamçıların işlədiyi mina sahələrini gözlərimizlə gördük”, - deyə o təəssüratını bölüşüb.

M.Nilsenin sözlərinə görə, azad edilmiş ərazilərdə gördükləri onda güclü təəssürat yaradıb, çünki əraziləri minalardan təmizləmək böyük işdir:

“Yalnız bu proses başa çatdıqdan sonra insanlar torpaqlarına qayıda biləcəklər. Bu ərazilərdəki dağıntıların miqyası məni şoka salıb. Bir çox evlər, demək olar ki, tamamilə dağıdılıb. Yalnız Şuşada onlardan bəziləri salamat qalıb. Amma bərpa işlərinə artıq başlanıldığının şahidi oldum. Ümid edirəm ki, vaxtilə buradan qovulmuş insanlar tezliklə evlərinə qayıda biləcəklər”.

Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərdə törətdiyi vandalizm aktlarına münasibət bildirən M.Nilsen dağıdılmış şəhərlərin necə bərpa edildiyini görmək üçün bir neçə ildən sonra Qarabağa qayıdacağına ümid etdiyini bildirib:

“Mən 5-10 ildən sonra bu yerlərə gəlmək, bu ərazilərin necə bərpa olunduğunu, burada həyatın necə davam etdiyini görmək istərdim”.

O əlavə edib ki, azad edilmiş ərazilərdəki şəhər və kəndləri “sıfırdan bərpa etmək” lazımdır.

Xatırladaq ki, 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya və Braziliyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}