Məşhur film istehsalçılarının Rusiyaya sanskiyası Azərbaycan kinoteatrlarına necə təsir edəcək?

 Bir neçə gündür davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq “Disney”, “Warner Bros” və “Sony” kimi şirkətlər Rusiyaya sanksiya tətbiq edib. Məlumdur ki, Azərbaycan kinoteatrları da filmləri həmin şirkətlərin Moskvada yerləşən ofislərindən alır. Belə olan halda kinoteatrların filmləri haradan alacağı barədə sual ortaya çıxır.

Mövzu ilə əlaqədar "Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nərmin Həsənova "Report"a deyib ki, kinoteatrlar şəbəkəsi filmləri birbaşa həmin studiyalardan alır:

“Sony”, "Disney", "Warner Bros", “Paramount” kimi dünyanın nəhəng kino istehsalçılarının birbaşa studiyaları ilə çalışırıq. Sadəcə olaraq, MDB ofisi Moskvada yerləşdiyindən MDB ölkələri Rusiya üzərindən filmləri əldə edirdilər. Hazırda dünyada baş verən hadisələr onu göstərir ki, şirkətlər MDB ofisinin məkanını dəyişəcəklər. Ümumilikdə, dünyada yayımlanan filmlər Azərbaycanda da eyni gündə yayımlanacaq".

O bildirib ki, hazırda danışıqlar aparılır:

"Qeyd etdiyimiz böyük şirkətlər bu məsələyə baxırlar. Bizim hazırda əsas məqsədimiz filmlərin dünya premyerası ilə eyni gündə Azərbaycanda yayımlanmasıdır”.


 "Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev isə bildirib ki, “Disney”, “Warner Bros” və “Sony” və.s şirkətlər üçün Azərbaycan həmişə Moldova, Qazaxıstan və Rusiya kimi MDB ölkəsi sayılıb:
“Onların MDB ölkələrinə filmləri ixrac üçün Rusiyada distribütor şirkəti var idi. Hazırda sanksiyaları nəzərə alaraq bu vəziyyət dəyişə bilər. Ola bilsin ki, MDB üçün yeni distribütor ölkə olsun. Ola bilər ki, biz həmin filmləri Türkiyədən də ala bilərik, amma bunun üçün hüquqi prosedurlar lazmdır. Bu, hələ dəqiq deyil, sadəcə versiyalardır. Hələ dəqiq demək olmaz, bəlkə başqa həll yolu tapıldı. Bizim tamaşaçılarımız böyük premyeralardan məhrum olmayacaqlar. Hesab edirəm ki, bu sanksiyalar bizə böyük təsir etməyəcək. Bütün hallarda bunu həll etməyə çalışırıq ki, tamaşaçılarımız premyerasız qalmasınlar”, - o bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}