İstanbulda "Türk dünyasında sosial media və dezinformasiya ilə mübarizə" mövzusunda təlim keçirilib

 İstanbulda keçirilən Türk Şurasının Mediaforumu çərçivəsində "Türk dünyasında sosial media və dezinformasiya ilə mübarizə" mövzusunda təlim keçirilib.
Şəffaflıq.az-un yerli bürosu xəbər verir ki, təlimdə Türkiyənin bir sıra universitetlərinin müəllimləri sosial medianın insanlar üzərindəki təsiri, bunun qarşısının alınmasının yolları kimi mövzuları müzakirə ediblər.
Sosial medianın bütün dünya, xüsusilə türk dünyası üçün böyük problemlər yaratdığını vurğulayan çıxışçılar heç bir nəzarətin olmadığı sosial media platformalarında İslamofobiya, türkofobiya kimi bir sıra faktorlarla qarşılaşıldığını qeyd ediblər.
Bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bir paylaşımı sosial mediada platforması tərəfindən silinib.
İstanbul Universitetinin müəllimi doktor Turqay Yerlikaya bildirib ki, hansısa erməni nazir və ya Ermənistanın başqa bir dövlət məmurunun deyil, məhz azərbaycanlı nazirin paylaşımının silinməsi sual doğurur: "Bu, sosial media şirkətlərinin tərəfsiz olmadığının ən böyük nümunələrindən biridir. Balansın bu cür pozulması bəzi ölkələrdə siyasi tarazlığın dəyişdirilməsində də böyük təsir göstərir. Bu, xüsusilə seçkilərin keçiriləcəyi dövlətlər üçün tərəfsiz olmayan bəzi sosial media platformalarının bir xalqın taleyi ilə oynaması deməkdir. Bəzi insanların seçimlərinə təsir edə biləcək paylaşımlar sadəcə dövlətlər üçün deyil, ailələr, cəmiyyətlər üçün də böyük təhlükə mənbəyidir"
Medipol Universitetinin müəllimi doktor Yusuf Özkır vurğulayıb ki, manipulyasiya və insanlar üzərində böyük təsiri olan sosial media internet texnologiyası sahəsindəki vasitələrin təkmilləşməsi ilə daha da geniş cəmiyyəti əhatə edir: "Bu da bütün dünya, insanlıq üçün açıq təhlükə mənbəyidir. Gün keçdikcə sosial media vasitəsilə yayılan rəqəmsal faşizm, təhrif edilmiş məlumatların təbliği daha da qabarıq hal almağa davam edir. Hazırda sosial mediada baş verən bu tarazsızlıq dünya tarixində insanlar üzərindəki ən radikal təsiridir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}