Milli Məclisin Mətbuat xidmətinin məlumatı

Şəffaflıq.az xəbər verir ki, Milli Məclisin Mətbuat xidməti bununla bağlı məlumat yayıb.
Məlumatda deyilir: “Bildiririk ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır. Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Hər il olduğu kimi, bu il də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi, sosial və digər sahələrdəki islahatların qanunvericilik baxımından təmin edilməsi üçün Milli Məclisin növbədənkənar sessiyasında artıq üç iclas keçirilib. Həmin məsələləri tamamlamaq üçün iyul ayındakı iclaslarda qanun layihələri ikinci və üçüncü oxunuşdan keçiriləcək. Növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur. Xüsusilə qeyd etmək lazımdır ki, nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də ki, Milli Məclisin Daxili Nizamnaməsində “təcili” və yaxud “fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulmayıb. Milli Məclis həmişə olduğu kimi, normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur.
Milli Məclisin Mətbuat xidməti bir daha bəzi kütləvi informasiya vasitələrinə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti çaşdırmasınlar”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}