Şamaxıda Heydər Əliyev Mərkəzinin direktoru: Şuşa şəhəri bizim mədəniyyət tariximizdir

 

Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa Qarabağın döyünən qəlbidir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Şuşa strateji əhəmiyyətə malik qədim şəhərlərdən biridir. 

Tarixə nəzər salsaq görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir.

Ümumiyyətlə bu əsrarəngiz şəhər tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi olub. Boş yerə Şuşaya Qafqazın konservatoriyası deməyiblər. Buradan xeyli sayda dünya şöhrətli bəstəkar, muğam ustadı, şair və sayr mədəniyyət, ədəbiyyat xadimləri çıxıb. Bu böyük ziyalı ordusu Şuşanın mədəniyyət mərkəzinə çevrilməsində və onun gələcək inkişafında böyük rol oynamışlar. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Xan sarayı və karvansaray, Gövhər ağa, Xoca Mərcanlı məscidləri, Meydan bulağı, İsa bulağı , Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.  

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. 

Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz uğurlu əks-hücum əməliyyatı ilə düşməni döyüş meydanında ağır məğlubiyyətə düçar etdi. Əzəli və əbədi torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan sonra düşmən tapdağından azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 

Aparılan hərbi əməliyyatlar istər seçilmiş taktikaya, istərsə də hərbi qulluqçularımızın göstərdiyi şücaətə görə dünyanı lərzəyə saldı. Xüsusilə də qəhrəman oğullarımızın çətin və sıldırımlı qayalardan, dağlardan aşaraq Şuşa şəhərini işğaldan azad etməsi müharibənin taleyində misilsiz rol oynadı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

İşğaldan azad edildikdən sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə təyin edilmişdir. Sovet dövründə Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. 

Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixində Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması heç də təsadüfi deyildi. Çünki son 29 il ərzində ermənilər hər il 8 may tarixini xüsusi təntənə ilə qeyd edir və Şuşanı 1992-ci il mayın 8-də işğal etməklə öyünürdülər. 

Düşmənlərimiz müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək onu “Şuşi” kimi təqdim etməyə cəhd göstərirdilər. Lakin bu gün onlar Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı olaraq qəbul etməyə və qarşılamağa məcburdurlar. Tarixi ədalət bərpa olundu, Şuşa işğaldan azad edildi, 1989-cu ildə Cıdır düzündə keçirilmiş və Şuşanın rəmzi olan “Xarıbülbül” musiqi festivalı 32 ildən sonra ilk dəfə Heydər Əliyev Fondu tərəfindən yenidən Şuşada təşkil olundu. Festivalda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, həmçinin qızları Leyla Əliyeva və Arzu Əliyeva da iştirak etdilər.

 Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq. Vətən müharibəsində xalqımızın yumruq kimi birləşməsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.

Şamaxı Heydər Əliyev
Mərkəzinin direktoru

Könül Eyvazova

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}