Daha bir üzücü xəbər: Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev koronavirusdan vəfat edib


 

Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyev koronavirusdan vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Daha sonra əldə edilən məlumata görə mərhum bu gün Covid 19-dan müalicə olunduğu xəstəxanada dünyasını dəyişmişdir.

Qeyd edirik ki, Namiq Nağıyev ötən ilin dekabrında təhsil naziri Emin Əmrullayevin əmri ilə həmin mərkəzin direktoru təyin olunmuşdu.

Məlumat üçün bildiririk ki, mərhum Namiq müəllim bundan əvvəl Şamaxı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyirdi. Onun Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olsa da müsbət təsirləri xüsusi qeyd edilməlidir.

Əldə etdiyimiz digər məlumata görə təhsil naziri Emin Əmrullayev bildirmişdir ki, “Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri çox böyük olmuşdur.

Bundan əlavə, O, Təhsil Nazirliyinə metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdir. Güman edirik ki, onun ideyalarının reallaşmasına nail olunacaqdır.

“Dəyərli insan, peşəkar təhsil işçisi olan dostum Namiq müəllimin vəfatı məni olduqca çox kədərləndirdi. Şamaxı rayonunda işləyərkən qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində əksəriyyətin dostuna, sevimli müəlliminə çevrilmişdi. 
 

Əvvəlcə onun ölüm xəbərinə inanmadıq, lakin məlumatı dəqiqləşdirəndə gördük ki, bu acı bir həqiqətdir. Gözəl əxlaqi keyfiyyətlərə, dərin biliyə, savada və yüksək mənəvi dəyərlərə malik belə bir gənc şəxsiyyəti də itirdik. Çox məyus olduq.

Bəli, koronavirus pandemiyası öz dövrünün tanınan, seçilən insanlarını aramızdan çox sürətlə və gözlənilmədən aparmaqdadır. 

Odur ki, bu pandemiyaya qarşı hamılıqla birgə mübarizə aparmalıyıq. Çünki artıq sübut edilmişdir ki, "Biz birlikdə güclüyük!" 

Ailəsinə və yaxınlarına səbr diləyirik.

Allah rəhmət eləsin!


 
 
   

"Şəffaflıq" qəzetinin kollektivi adından
təsisçi və baş redaktor
Vahid İsmayılov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}