İsmayıllıda qazi böyük coşqu ilə qarşılandı.-FOTO


44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi isə müəyyən qədər vaxt tələb edir.


Vəzifə borcunu yerinə yetirərkən minaya düşən hərbçilərimizdən biri də İsmayıllı rayon sakini Əzizli Nurəddin Qürbəddin oğludur. O, 27 fevral 2021-ci ildə Qubadlı rayonunda minaya düşüb, nəticədə sağ ayağını dizdən aşağı itirib, sol ayağı isə qəlpə yarası alıb. Bir müddətdir müalicə alan Nurəddin bu gün evinə İsmayıllı rayonuna qayıdıb.
Şəffaflıq.az xəbər verir ki, qazi ilk öncə İsmayıllı rayonunda Şəhidlər Xiyabanında olub. 


Orada İsmayıllı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin İsmayıllı rayon şöbəsinin, Gənclər və İdman idarəsinin , Təhsil şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ehtiyatda olan hərbi qulluqçular, Nurəddinin yaxınları qarşılayıblar.   Qarşılanma mərasimi mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunub. Qazi qarşılandıqdan sonra şəhidlərin məzarı ziyarət edib, məzarın üstünə gül dəstələri qoyub, dualar oxuyub. Sonra isə evinə gələn qazi böyük coşqu və sevgi ilə qarşılanıb, onun şərəfinə qurban kəsilib. Valideynləri,  bacı və qardaşları ilə görüşdükdən sonra onun şərəfinə bişirilmiş tortu kəsib.
Əzizli Nurəddin Qürbəddin oğlu 11 yanvar 2000-ci ildə İsmayıllı rayonunda anadan olub. 2018-ci ilin yanvar ayından 2019-cu ilin iyul ayına qədər  Sərhəd Qoşunlarında  xidmət edib. 2020-ci ilin avqust ayında yenidən Sərhəd Qoşunlarında kiçik çavuş rütbəsində xidmətə başlayıb. Daha sonra kiçik gizir rütbəsi alıb. Vətən müharibəsində iştirak edən Nurəddin müharibədən sonra baş gizir rütbəsi alaraq xidmətinə davam edib.

Dəyanət İsmayılov.
İsmayıllı rayon 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}