Bu gün 1 aprel “Gülüş günü”dür


 

Bu gün - 1 aprel dünyanın bir çox ölkələrində beynəlxalq bayram kimi olmasa da, əyləncə, aldatmaq günü kimi qeyd olunur. Adətən insanlar 1 apreldə bir-biriləri ilə zarafatlaşır, təbəssüm yaratmağa çalışırlar. Bəzən bu günü “Gülüş günü”, bəzən də “Axmaqlar günü” adlandırırlar.

Ümumiyyətlə, 1 aprel haqqında müxtəlif versiyalar var. Onlardan biri də budur ki, qədim Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilib və bu bayram ağılsızların günü adlandırılıb. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülüb və müxtəlif zarafatlar ediblər.

O da məlumdur ki, qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda səfehlər kralı və ya zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

Rusiyada isə gülüş gününün tarixinin I Pyotrun hakimiyyəti zamanına təsadüf etdiyi bildirilir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi...

Bununla yanaşı, 1 aprel dünyanın bəzi ölkələrində xoşbəxt olmayan gün də hesab olunur. Məsələn, əvvəllər Almaniya və Avstriyada hesab edilirdi ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Səbəb isə budur ki, aprelin 1-də İsa Məsih satan İuda anadan olub.

Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

Lakin hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Azərbaycanda da sovet dövründən başlayaraq 1 aprel günü zarafat, gülüş günü kimi qeyd edilir.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}