Türkiyə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı ilkin müqavilə layihəsini Azərbaycana təqdim edib


 

Türkiyə Azərbaycana iki ölkə arasında elektron imzaların (e-imza) qarşılıqlı tanınması ilə bağlı ilkin müqavilə layihəsini təqdim edib. Hazırda bu müqavilə üzrə müvafiq işlər aparılır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "İnnovasiya həftəsi" çərçivəsində Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təşkil olunan "Ağıllı layihələr" adlı vebinarda çıxış edən Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə tərəflər arasında memorandum imzalanıb və hazırda layihə çərçivəsində qanunvericilik istiqamətində işlər görülməkdədir.

"Burada bir problem var. Belə ki, hər bir ölkənin elektron imzanın qarşılıqlı tanınması ilə bağlı öz platformaları və xüsusi yanaşmaları mövcuddur. Məsələn, Türkiyə kök mərkəzlərinin sertifikatlarının etibarlı listəsini yaratmaq texnologiyasına əsaslanır, Avropa İttifaqının bir çox ölkəsində bu platformadan istifadə olunur. Bu baxımdan biz qərar verməliyik, ya elə bir sistem formalaşdırmalıyıq ki, hər kəsi o sistemə inteqrasiya edə bilək, ya da məcbur olacağıq, hər bir ölkə ilə onların tələblərinə uyğun qarşılıqlı fəaliyyət göstərək. Əslində bu sahədə bir necə variant var, onlardan ən yaxşısı Avropanın qəbul etdiyi "eİDAS" platforması üzərindən bu işlərin həyata keçirilməsidir", - deyə H. Abbasov qeyd edib.

O həmçinin əlavə edib ki, Türkiyə tərəfi ilə bəzi hüquqi problemlər mövcud idi, lakin rəhbərliklərin görüşündən sonra onlar artıq öz həllini tapıb: "Artıq Türkiyə tərəfi rəsmi olaraq bizə müvafiq müqavilə göndərib və biz onun üzərində işləyirik ki, razılaşma əldə olunsun".

Bundan başqa, H. Abbasov bildirib ki, Azərbaycan tərəfi Belarusla da elektron imzaların qarşılıqlı tanınması istiqamətində bütün texniki işləri yerinə yetirib. Bu ölkə ilə memorandum imzalanıb və müəyyən yol xəritələr üzrə çalışmaqlarla bu işləri davam etdirmək mümkün olacaq:

"Elektron imzaların qarşılıqlı tanınması istiqamətdə Rusiya ilə də birgə işlərə başlanılsa da, pandemiya səbəbindən hazırda işlə gözləmə mərhələsindədir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}