Beynəlxalq Əmək Təşkilatı: böhrandan asanlıqla və tez çıxmaq mümkün olmayacaq


 

Pandemiyanın əmək bazarına təsiri özünü gözləniləndən daha ciddi şəkildə büruzə verir. Beynəlxalq Əmək Təşkilatı (BƏT) hadisələrin üç ssenari istiqamətində inkişafını nəzərdən keçirir. Lakin onların heç biri ekspertlərə nikbinlik təlqin etmir. Qlobal əmək bazarında vəziyyətin bundan sonra pandemiya başlanan dövrədək olduğundan daha yaxşı olacağı gözlənilmir.

Bu barədə Şəffaflıq.az BMT-nin xəbərlərinə istinadla xəbər verir.

“Bizim bu böhrandan asanlıqla və tez çıxa biləcəyimizi gözləmək, artıq mənasızdır”, - deyə BƏT-in başçısı Qay Rayder bildirib. 


Hesablamalara görə, ilin ikinci rübündə iş saatlarının sayı 14 faiz azalıb ki, bu da 400 milyon iş yerinin itirilməsinə bərabərdir. 

BƏT ekspertləri hələ bu yaxınlarda bu müddət ərzində azalmanın 10,7 faiz — 305 milyon iş yeri təşkil edəcəyini proqnozlaşdırmışdılar. Hələ bu son deyil: ən optimist ssenariyə görə, üçüncü rübdə iş saatlarının sayı daha 1,2 faiz azalacağı, yəni daha 34 milyon iş yerinin itiriləcəyi gözlənilir. Bədbin ssenariyə gəldikdə isə pandemiyanın ikinci dalğasının başlanacağı, hər yerdə yenidən karantin rejiminin bərpası və iqtisadiyyatın çox aşağı templə inkişafı ehtimal olur. Belə olan halda iş saatlarının yeni itkiləri 11,9 faiz təşkil edəcək ki, bu da 340 milyon iş yerinə bərabərdir.

Qay Rayder iqtisadiyyatın bərpası istiqamətində bütün ölkələri bərabərsizliyə qarşı mübarizə aparmağa və əhalinin aztəminatlı təbəqələrinin maraqlarını nəzərə almağa çağırıb. Bu bəyanat COVID-19 üzrə və əmək bazarının vəziyyətinə dair gələn həftə keçiriləcək qlobal sammit ərəfəsində səsləndirilib.

“İndi qəbul edəcəyimiz qərarlar bizim həyatımıza 2030-cu ildən sonra da təsir göstərəcək. Pandemiyaya qarşı mübarizədə ölkələrin müxtəlif mərhələlərdə olmasına baxmayaraq, artıq bu istiqamətdə xeyli iş görülüb. Lakin əgər biz özümüzə pandemiya dövrünə qədərkindən də yaxşı həyat şəraiti yaratmaq istəyiriksə, bu istiqamətdə səylərimizi ikiqat artırmalıyıq”.

Pandemiya başlayandan bəri hökumətlər sosial dəstəyə 10 trilyon dollar xərcləyiblər. Bununla birlikdə, bu məbləğin 88 faizini iqtisadiyyatı inkişaf etmiş ölkələrin hökumətləri ayırıb. Həmin ölkələrdə yardım paketi ümumi daxili məhsulun (ÜDM) təxminən beş faizini təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə insanlar ÜDM-in yalnız 2,2 faizi məbləğində yardım alıblar, daha az inkişaf etmiş ölkələrdə isə bu göstərici bundan da azdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}