Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininə yeni vəzifə verildi.
Şəffaflıq.az xəbər verir ki, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.
Qeyd edilib ki, 2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.
Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb.
2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir.
24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.
Mətin Kərimli 2014-cü ilin fevral ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, Mətin Kərimli Kənd Təsərüfatı Naziri İnam Kərimovun qardaşıdır.
Facebook-da paylaş