Koronavirusa yoluxanların sayı 5,5 milyon oldu – Qorxunc rəqəmlər!


 

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötüb. 


Şəffaflıq.az bildirir ki, virusa yoluxanların sayı 5.500.577 nəfər, virusdan ölənlərin sayı isə 346.719 nəfər olub.

Ölkələr üzrə koronavirusla bağlı vəziyyət aşağıdakı kimidir.

ABŞ koronavirusa yoluxma sayına görə yenə də ilk sıradadır – 1.686.436 nəfər. Ölkədə virusdan ölənlərin sayı isə artıq 100 minə yaxınlaşır – 99.300 nəfər.

ABŞ-dan sonra virusa yoluxma sayına görə ikinci sırada artıq Braziliya dayanıb. Braziliya 365.213 yoluxma sayına görə Rusiyanı geridə qoyub.

Ölkədə ölənlərin sayı da pik həddədir – 22.746 nəfər. Xatırladaq ki, Braziliya virusa yoluxma və ölüm sayına görə, Latın Amerikası ölkələri arasında lider sıradadır. Bu səbəbdən ABŞ artıq Braziliyadan gələn şəxslər üçün qapılarını bağladığını bəyan edib.

Rusiya yoluxma sayına görə, Braziliyadan sonrakı sırada dayansa da, ölkədə koronaviruslu xəstələrin sayı durmadan artmaqdadır. Bununla belə, virusdan ölüm sayı digər ölkələrlə müqayisədə nisbətən azdır – 3.541 nəfər.

Dünyada koronavirusa yoluxma sayına görə, 4-cü sırada İspaniya gəlir. İspaniyada bu günə qədər 282.852 nəfərdə koronavirus aşkarlanıb.

Ölkədə virusdan ölənlərin sayı qorxunc həddədir – 28.752 nəfər. Beləliklə, İspaniya koronavirusdan ən çox əziyyət çəkən ölkələr sırasındadır.

Sabah ölkədə koronavirusdan ölənlərin xatirəsinə görə 10 günlük matəm elan olunacaq. Bu barədə İspaniyanın
baş naziri Pedro Sançes məlumat verib. O bildirib ki, mayın 26-da elan olunacaq matəm 10 gün davam edəcək: “Biz əsrin ən pis fəlakətinin qarşısını aldıq. Ölkəmizin bərpası hələ qarşıdadır. Hökumət çərşənbə axşamından başlayacaq matəmlə bağlı rəsmi bəyanat qəbul edəcək. Matəm on gün davam edəcək. Bütün dövlət qurumlarının və hərbi dəniz donanmasının bayraqları endiriləcək. Bu qərarla biz qurbanlarımızın xatirəsinə hörmətimizi göstərmək istəyirik”.

İngiltərədə isə bu günə qədər 259.559 nəfərdə koronavirus aşkar edilib. Ölkədə bu günə qədər 36.793 nəfər virusdan ölüb. Bu sayla İngiltərə yenə də dünyada ABŞ-dan sonra ikinci, Avropa ölkələri arasında isə birinci sıradadır.

İtaliyadan isə, nəhayət, son günlərdə yaxşı xəbərlər gəlməkdədir. Ötən sutka ərzində ölkədə yalnız 50 nəfər virusun qurbanına çevrilib. Bununla da İtaliyada virusdan ölənlərin sayı hər gün azalmaqdadır. Bu günə qədər ölkədə 229.858 nəfərdə koronavirus aşkarlanıb, 32.785 nəfər virusdan ölüb, 140.479 nəfər isə sağalaraq, evə buraxılıb.

Qonşu Türkiyədə isə koronavirusa yoluxanların sayı 156.827 nəfər çatıb. Virusdan ölənlərin sayı isə 4.340 nəfər çatıb. Son məlumata görə, 118.694 nəfər virusdan sağala bilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}