Azərbaycanda vergilərin ödənilməsinin son müddəti AÇIQLANDI
Şəffaflıq.az xəbər verir ki, fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti 6 aprel 2020-ci ildir.
Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti isə 21 aprel 2020-ci il müəyyən edilib.
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı: https://www.taxes.gov.az/az/post/1016.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.
Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilib.
Habelə həmin Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmiş, həmin siyahıda qeyd edilməyən digər sahələr üzrə fəaliyyət məhdudlaşdırılıb.
Facebook-da paylaş