TƏBİB Şəmkirdə 7 nəfərin öldüyü avtomobil qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb
Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb. 2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Şəffaflıq.az
Facebook-da paylaş
