Paşinyanın Qarabağ açıqlamasına həmsədrlərdən sərt reaksiya
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və mətbuatda yer almış sitatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin ciddi narahatlığına səbəb olub.
Bu barədə Ermənistanın "168 jam" qəzeti yazıb.
Nəşrin məlumatına görə, vasitəçilər Paşinyanın bu addımını Minsk qrupunun strategiyasına açıq-aşkar zidd olmaqla, növbəti özfəaliyyətinin təzahürü kimi qiymətləndiriblər.
Yanvarın 29-da Cenevrədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şeffer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşü olub.
Erməni mətbuatı bildirir ki, həmsədrlər Mnatsakanyanla Paşinyanın Qarabağa dair səsləndirdiyi fikirlərlə bağlı kifayət qədər sərt söhbət ediblər.
Xatırladaq ki, Paşinyan həmin mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəddə Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tutulduğunu deyib. Amma, onun sözlərinə görə, Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Paşinyan çıxışında Qarabağ ətrafındakı 5 rayondan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz yurdlarına qayıtmalı olduğunu xatırladıb:
"Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir”.
Şəffaflıq.az
Facebook-da paylaş