10 gün qaldı: Dövlət adambaşına 90 manat pul ayıracaq

Milli Məclisdə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər müzakirə edilir.
Təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.

Şəffaflıq.az sfera.az-a istinadən xəbər verir ki, həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.

Məlumdur ki, dünyada icbari tibbi sığortanın təməl prinsipi həmrəylikdir. Bu prinsipə əsasən qanunvericilikdə nəzərdə tutulan əhali kateqoriyalarından toplanan sığortahaqları tibbi xidmətlərə ehtiyacı olan şəxslər üçün xərclənilir.

Qeyd edək ki, 2020-ci ildə icbari tibbi sığortanın ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub. Gələn ilin 1 yanvar tarixindən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur.

Məsələ ondadır ki, bəzi əmək müqaviləsi ilə işləyən şəxslərin çalışdıqları inzibati ərazi ilə qeydiyyatda olduqları inzibati ərazi eyni olmadığına görə icbari tibbi sığorta haqlarının mərhələli şəkildə toplanılmasını həyata keçirmək praktik olaraq mümkün deyil.

Belə ki, 2020-ci ilin birinci rübündə icbari tibbi sığorta şimal bölgəsində (misal, Quba rayonu) qeydiyyatda olan sakinlərə şamil olunsa da, onların bir hissəsi digər regionlarda, xüsusən də Bakıda yerləşən müəssisələrdə çalışırlar.

Eyni zamanda qeyd edək ki, icbari tibbi sığorta fondunun büdcəsi artıq proqnozlaşdırılıb, gəlir və xərc istiqamətləri müəyyənləşdirilib. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 mln. manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 mln. manat, digər mənbələrdən 185 mln. manat vəsaitin toplanılması proqnozlaşdırılır.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq ediləcəyi və edilməyəcəyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlı olacaq. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) sığortanın tətbiq ediləcəyi tibb müəssisələrini göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirəcək. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılacaq.

Dövlət büdcəsi tərəfindən ödənilən adambaşına illik 90 manat vəsait də eyni qaydada mərhələlərə bölünməklə sığortahaqqı və ya saxlanma xərcləri qaydasında Agentliyə ödəniləcək. Həmin vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.

Beləliklə, Agentlik səhiyyə resurslarını özündə cəmləşdirməklə 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqini təmin edəcək. Nəticədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı artacaq.

İcbari tibbi sığorta tətbiq edilməyən ərazilərdə tibbi xidmətlərdən yararlanmaq məsələsinə gəldikdə qeyd edilməlidir ki, əhali qanunvericilikdə nəzərdə tutulmuş qaydada tibbi xidmətlərdən istifadə etməyə davam edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}