“Sərhədçi”nin “Şöhrət”i Böyük Britaniyaya da yayılıb - Atçılıq Mərkəzindən REPORTAJ + FOTO
Azərbaycanda atçılığın ənənələri qədimdir. “İgid odur, atdan düşə atlana” - sərkərdələrin, döyüşçülərin ən yaxın dostu tarixən at hesab olunub. Günümüzdə də ölkədə atçılıq populyar sahələrdəndir. Həm paytaxt Bakıda, həm də regionlarda atçılıq mərkəzləri, klublar fəaliyyət göstərir. “Sərhədçi” Atçılıq Mərkəzi bu baxımdan digərlərindən fərqlənir. Dövlət Sərhəd Xidmətinin tabeliyində olan mərkəz Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşir. Burada yalnız dövlətə məxsus atlar saxlanılır. Onlardan həm yarışlarda istifadə olunur, həm də dövlət sərhədinin mühafizəsində. At həvəskarlarının həmin atları görməsinə, minməsinə icazə yoxdur. Oxu.Az-ın əməkdaşları “Sərhədçi” Atçılıq Mərkəzində olublar. İlk baxışdan “Sərhədçi”nin müasir standartlara tam cavab verdiyi görünür. Burada atların artırılması, yarışlara hazırlanması üçün hər cür şərait yaradılıb. Üstəlik iş böyük bir nizamla həyata keçirilir ki, bu da ən əhəmiyyətli məqamdır. Mərkəzdə atların saxlanması üçün geniş bokslar, gəzinti və məşq meydançaları, yarışlar üçün açıq manej, eyni zamanda qışda atların məşqləri üçün qapalı manej var. Atlar gündə üç dəfə yemlə təmin edilir, hər gün həkim baxışından keçirilir. Onların yuyunması, qurulanması üçün də xüsusi yer mövcuddur. Hər adamın minəcəyi atlar deyillər... Bizi “Sərhədçi” Atçılıq Mərkəzinin təlimatçısı Namiq Orucov qarşıladı. Mərkəz yaradılandan - 2007-ci ildən burada fəaliyyət göstərən təlimatçı yerli cins atların yetişdirilməsi, yarışlara hazırlanması, ümumi işlərə nəzarətdən məsuldur. N.Orucovun sözlərinə görə, yerli cins atlar, eyni zamanda xaricdən gətirilənlər var. Onlar yarışlara çıxarılır, müəyyən müddət sonra isə sərhədlərin qorunmasında istifadə edilir: “Hazırda Qarabağ, Dilbaz və əsasən alman cins atlarımız var. Yerli cins atlarının sayı 50-dən çoxdur. Bunlar Qarabağ və Dilbaz atlarıdır. Onlar cıdır yarışlarında, çövkən idmanında, bir də süvarilərin tədbirlərində iştirak üçün istifadə olunur. Süvarilərdə nisbətən sakit atlar olmalıdır. Çünki onlar cəm şəkildə olurlar, bir yerdə hərəkətləri var. Məşqləri elə burada keçirik. Mərkəzdə ancaq idman atlarıdır. Hər adam minəcəyi atlar deyil. Atların yarış vaxtı bitəndən sonra mütəxəssislərlə də məsləhətləşib sərhədlərin qorunması üçün göndəririk”. Həmsöhbətimiz atlara qulluqdan bəhs etdi. Onun sözlərinə görə, hər işin dəqiq vaxtı var: “Gündə üç dəfə - səhər, günorta axşam yemlənmə olur. Vələmirdən istifadə edirik. Bir də təbii otla qarışıq yoncadan. İki dəfə də təmizlikləri, gəzintiləri olur. Qrafik üzrə hərəkətləri var. Hamısı dəqiq vaxtla - saat, dəqiqə ilədir. Hər gün həkimin ilk vəzifəsi gəlib atlara baxmaqdır. Həkim məşq zamanı, gəzinti zamanı nəzarət edir. Hansısa neqativ hal olanda dərhal aradan qaldırılır. Atlar 35 gündən bir nallanır. Amma qış vaxtı buna ehtiyac olmur. Çünki yarışlarla bağlı fasilə yaranır. Həm də dəmir olduğu üçün qışda soyuq yaradır. Ona görə ehtiyac olmur. Yarışlar başlanmazdan 1-2 ay əvvəl bu prosesə başlayırıq”. Gözəl, amma çılğın Qarabağ atları Namiq Orucovun sözlərinə görə, mərkəzdəki bütün atları özləri yetişdiriblər. Qarabağ atlarının çılğınlığına görə onlarla daha uzun müddət işləmək lazım olur: “Hamısı öz yetişdirdiyimiz atlardır. Bura kənar atlar digər yerlərdən yarışlara gəlirlər. 6 aydan sonra balanı anasından ayırırıq. İki yaşdan sonra öyrətməyə başlayırıq, bir ilə hazır olurlar. Yarışlara üç yaşdan başlayırlar. Hər hansı problem olmasa, 10 yaşa qədər çıxış edə bilirlər. Qarabağ atlarının əhliləşməsi uzun çəkir. Onların qanında çılğınlıq var. Yaş ötdükcə də özlərində qalır. Əhlilləşirlər, amma çılğınlıqlarını tam tərgitmək olmur”. “Sərhədçi” Atçılıq Mərkəzi dövlət əhəmiyyətli yer olduğundan kənardan kiminsə buradakı atlara baxmasına icazə verilmir. Yalnız yarış olanda qonaqlar gedə bilirlər. Mərkəzdə atlara əsgərlər və mülki işçilər baxırlar. Əsgərlərə öncədən təlim keçilir. Onlara həm atlara baxmaq, həm minmək öyrədilir. Lazım olanda məşqlərdə də iştirak edirlər. Hansının bacarığı varsa, məşğul ola bilir. “Sərhədçi”də insanların təsəvvüründə ilk canlanan “şahə qalxan at” modeli yoxdur. Ona görə yox ki, bacarmırlar. Sadəcə, yarışlarda iştirak edən atlar üçün bu məsləhət görülmür. Şahə qalxmağa öyrəşən atı sonradan idarə etmək çətin olur. Təlimlərin uğurluluğuna görə “Sərhədçi” Atçılıq Mərkəzinin atlarının yarışlarda nəticələri də yüksəkdir. “Çövkən komandamız 2012-ci ildə yaradılıb. Hər il Prezident Kuboklarında mütəmadi iştirak etmişik. Demək olar ki, hamısında da qalib olmuşuq. Azərbaycan çempionatlarında dəfələrlə qələbələr qazanmışıq. Eyni zamanda cıdır və konkur yarışlarında uğurlar əldə etmişik”, - deyə N.Orucov bildirir. Bir çox atçılıq mərkəzlərində atlar diqqətlərinin yalnız yarışlarda olması üçün axtalanır. Ancaq “Sərhədçi”də vəziyyət fərqlidir. Burada at yetişdirilməsi həyata keçirildiyindən yalnız zərurət yarandıqda axtalanma edilir. Həmsöhbətimiz atların yetişdirilməsi ilə bağlı məlumat verir: “Bu məsələyə həssas yanaşırıq. Tutaq ki, 20 erkək at varsa, hamısından törədici kimi istifadə etmirik. Boyu hündür olanları, rəngləri standartlara cavab verənləri, yarışlarda yaxşı nəticələr göstərənləri seçirik. Həm də xarici görünüşü gözəl olmalıdır. Onlardan bala almağa başlayırıq. Bəzi atların çılğınlığına görə axtalama lazım olur. Məsələn, çövkən yarışlarında çılğınlıq çətinlik yaradır. Bəzilərini buna görə axtalayırıq”. Mərkəzdəki hər bir atın pasportu var. Bu, onların hansı nəsildən gəldiyini dəqiq müəyyənləşdirməyə imkan verir. Namiq Orucov bildirir ki, yerli cins atların təmizliyə çıxarılması prosesində böyük irəliləyişə nail olunub: “Burada hər bir atın pasportu var. Adları, atalarının, analarının, babalarının, hətta ulu babalarının adları qeyd olunur. Cins atın nəsli-kökü bilinməlidir. 2010-cu ildə Azərbaycan Atçılıq Federasiyası yerli cins atların təmizliyə çıxarılması istiqamətində işə başladı. DNT analizləri aparılır və hazırda proses davam edir. Müsbət nəticələrini görürük. Yavaş-yavaş atların rənglərini alırıq. Təxminən beş ildən sonra proses yekunlaşacaq”. “Sərhədçi”nin “Şöhrət”i Böyük Britaniyaya da yayılıb “Sərhədçi” Atçılıq Mərkəzində yetişdirilən “Şöhrət” adlı at 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Böyük Britaniyanın mərhum Kraliçası II Elizabetə hədiyyə edilib. Həmin atın balası “Mil” isə indi də burada saxlanır. Ancaq təəssüf ki, məhz bizim getdiyimiz gün həmin at “Sərhədçi”də deyildi və onu görmək mümkün olmadı. Təlimatçı “Şöhrət” atından və ümumən Qarabağ atlarının özünəməxsusluqlarından bəhs edir: “Şöhrət” təmiz Qarabağ atıdır. Gözəlliyinə, rənginə, boy-buxununa görə seçilmişdi. “Qarabağ” atlarının ən birinci özünəməxsusluğu rəngidir. Buna qızılı kürən deyirlər. Bu çalarlar üzərində olmalıdır. Onların əsas fərqləndirici xüsusiyyətidir. Gözəl və sahibinə sadiq olurlar. Xoş rəftar bəsləyənlə dostluq edirlər. Üstəlik, çox dözümlüdürlər. Dağ, meşə şəraitində, soyuq, qarlı havalarda digərlərindən qat-qat uzun müddət tab gətirirlər. Bu atlardan dağlıq zonalarda sərhədlərin qorunmasında istifadə olunur. Dünyanın ən sürətli atları ingilis atları hesab olunur. Ancaq onlar Qarabağ atlarının getdiyi yolların 1/3-ni gedə bilməzlər”. Bombardmandan xilas edilən sərvət “Sərhədçi”də saxlanan atlar Ağdam Atçılıq Zavodundan gətirilən atların nəslindəndirlər. Bir növ, onlar odun-alovun arasından çıxarılıblar. 42 ildir, atçılıqla məşğul olan Namiq Orucov özü də Qarabağ müharibəsi zamanı atların çıxarılmasında iştirak edib. O bildirir ki, atları böyük keşməkeşlərlə qoruyub saxlayıblar: “Müharibə vaxtı atların oradan çıxarılması, qorunub saxlanmasından dəyərli bir şey yoxdur. Şəxsən özüm iştirak etmişəm. Respublikada yeganə atçılıq zavodu Ağdamda idi. Ermənilər Qarabağ atlarını ələ keçirmək istəyirdilər. Onları odun-alovun içindən çıxarırdıq ki, mənfurlara qalmasınlar. 1993-cü ildə rayon işğal olunanda, ətraf kənd, qəsəbələr tez-tez atəşə məruz qalırdı, insanlar çıxarılırdı. Hələ ümid var idi, amma vəziyyət pisləşirdi. Kənd güclü bombardmana məruz qalırdı. Atları bir gecənin içində çıxardıq. O vaxt müdiriyyət, atçılıqla məşğul olan insanlar çox əzab-əziyyət çəkdi. Atları çox əzab-əziyyətli, keşməkeşli yollarla qoruyub saxlamışıq. Şükürlər olsun, indi vəziyyət yaxşıdır. Şəxsi təsərrüfatlarda yetişdirilir. Ağcabədidə böyük bir mərkəz də açıldı. Ağdamdan gətirdiyimiz atlardan qalanı yoxdur. 20-25 il, nadirən 30-a qədər yaşayanı olur. Amma hamısı onların nəsilləridir. Burada böyük bir sərvət saxlayırıq”. Vətən müharibəsi zamanı işğaldan azad edildikdən sonra bərpa işləri sürətlə davam edən Ağdamda atçılıq zavodu da yenidən açılacaq. Yaxın gələcəkdə insanlarımız kimi “Qarabağ” atları da öz doğma yurd-yuvalarına qayıda biləcəklər. Şübhəsiz, orada onların cins əlamətləri daha da zənginləşəcək. Daha çox foto burada: PhotoStock.az Faiq Tahirov Şəffaflıq.az
Facebook-da paylaş