Sahil Babayev: "1800 nəfərə saxta yollarla verilən dövlət sosial yardımı dayandırılıb"
APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir ümumilikdə bu proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi işlərinin aparıldığını və proqramın əhatə dairəsinin genişlənəcəyini deyib. Onun sözlərinə görə, eyni zamanda, sosial yardım təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi işləri aparılır.
Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb: "Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq", - deyə Sahil Babayev bildirib.
Facebook-da paylaş